[b]“Çempionatda yenə 8 komanda olsa, avrokuboklara 3 klub gedəcək” - MÜSAHİBƏ[/b]
03.04.2017 - 16:00
[b]“Çempionatda yenə 8 komanda olsa, avrokuboklara 3 klub gedəcək” - MÜSAHİBƏ[/b]

AZAL-ın vitse-prezidenti Vaqif Qasımovun apasport.az saytına müsahibəsi

 

- AZAL-ın Premyer Liqanın XXIV turda “İnter”ə minimal hesabla məğlub olduğu (1:2) matçı tribunadan izlədiniz. Futbolçularınızın çıxışı sizi razı saldı?

- Normal oyun keçdi. Futbolçularımız yaxşı çıxış etdilər. Sadəcə, bəxtləri gətirmədi. Hər halda, “İnter”dən zəif oynamadılar. Amma alınmır ki, alınmır.

 

- Ümumiyyətlə, komandanız əksər görüşlərdə yaxşı təsir bağışlasa da, sonda uduzur. Sizcə, sərfəli nəticə üçün nə çatmır?

- Bir az bəxt olmalıdı. Hakimliklə bağlı heç bir etirazım yoxdu. Dünənki oyunun baş hakimi də elə bir səhvə yol vermədi. Hər şey yaxşı idi, bircə nəticədən başqa. İki zərbəmiz dirəyə tuş gəldi. Fərdi səhvlərdən də iki top buraxdıq. Adamın gərək bəxti də gətirsin. Dünən AZAL məğlubiyyətə layiq deyildi. Belə oyunla bu nəticə komandaya yaraşmadı. “İnter” çempionatda 3-cü pillədə qərarlaşır. Amma futbolçularımız göstərdilər ki, onlardan heç də zəif deyillər.

 

- Sona 4 tur qalmış AZAL-ın Premyer Liqanı tərk edəcəyi rəsmiləşdi...

- Bunu hələ bilmək olmaz. Çünki komandaların sayı artırılmalıdı. Ola bilsin ki, AZAL gələn mövsüm də Premyer Liqada çıxış etsin. İndidən bunu konkret deyə bilmərəm. Yəqin ki, mövsümün sonunda müəyyənləşər. Düzdü, dünənki oyundan sonra komandanın sonuncu yerdə qalacağı rəsmiləşdi. Qalan 4 matçda qələbə də qazansaq, 7-ci pillədəki komandaya çata bilmərik. Amma çox istəyirik ki, elitada çıxışımızı davam etdirək. Klubun bazası, stadionu, oteli var. Ən yaxşı paltardəyişmə otaqları bizdə idi. Digər klublar da sonra başladılar bizim kimi təmir etməyə. Stadionun yaxınlığında yaşayan insanlar gəlib oyunlarımıza baxırlar. Bu qədər xərclər çəkilib, hədər getməsini istəmirik. İslam Həmrəyliyi Oyunlarında bizim stadionumuzda 6 matç keçiriləcək. Premyer Liqaya elə komandalar gəlir ki... AZAL isə hazır klubdu. 1-2 transferlə daha yaxşı çıxış etmək olar. İndi “Səbail” və digərləri gələcək. Yeni gələnləri görürsünüz də. AZAL isə 2 dəfə avrokuboklarda iştirak edib, təcrübəsi var.

 

- Görünür, bir çoxları kimi, siz də elitada komanda sayının artırılmasının tərəfdarısınız...

- Məncə, komanda sayını 10 yox, ən azı 12-yə yüksəltmək olar. Bunun hamıya xeyri dəyər. Çünki gələn mövsüm də çempionatda 8 komanda olsa, avrokuboklara 4 yox, 3 klubumuz gedəcək, 1 yer itirəcəyik. Belə olarsa, Avropa Liqasına yalnız kubokun qalibi və çempionatın ikincisi vəsiqə qazanacaq. Bu boyda ölkədə 8 komanda olar? Pul olmayan, ən pis vaxtlarda çempionatda 20-dən çox komanda iştirak edirdi. Komanda sayı artırılsa, avtomatik oyun sayı da artar. Bunlar nə fikirləşirlər, başım çıxmır. 8 komanda ilə heç bir inkişaf ola bilməz. İki klubumuz Avroliqanın qrupunda iştirak edir. Etiraf edək ki, onlar da əcnəbilərin hesabına bu nəticəni göstərirlər.

 

- AZAL-da heyətlə yanaşı, maliyyə problemi də mövcuddu. Premyer Liqada qalsanız, bunlar yoluna qoyulacaq, yoxsa hazırkı şəraitlə çıxışınızı davam etdirəcəksiniz?

- Əlbəttə, müsbətə doğru dəyişikliklər olacaq. Əvvəla heyət güclənəcək. Məlum böhrandan sonra müəyyən problemlər yarandı. Amma inanıram ki, bu da yoluna qoyular.

 

- Baş məşqçiniz Tərlan Əhmədov dünənki matçdan sonra keçirilən mətbuat konfransında bildirdi ki, gələn mövsüm də indiki kimi şərait olsa, işləməyə dəyməz. Siz onun komandada qalmasını istərdinizmi?

- Bu, Tərlanın fikridi. Əgər müqavilə müddəti mövsümün sonuna qədərdisə, son qərarı özü verəcək. Tərlan neçə ildi ki, komandaya rəhbərlik edir, burda zəhməti var. Davam etsə, daha yaxşı olar. Yeni məşqçi kim olur-olsun, elə bilirsiniz ki, gələn kimi güclü komanda yığacaq? Tərlan komandanın içindədi, hər şeyi yaxşı bilir. İndi şərait belə gətirib, əksər komandaların vəziyyəti oxşardı. Çempionatda komanda sayının belə az olması da maliyyə ilə bağlıdı. Əvvəllər pul var idi, verilirdi. Pul olmayandan sonra nə etməlidilər?

 

- Bayaq komanda sayından bəhs etdiniz. Düşünmürsünüz ki, bölgə klublarının sayı artırılsa, daha yaxşı olar?

- Mən hesab edirəm ki, hər bölgənin komandası Premyer Liqada çıxış etməlidi. Tovuz kimi rayon kənarda qalmamalıdı. “Turan” Sovet dönəmindən bəri həmişə “Neftçi”yə futbolçular verib. İndi tovuzlu futbolçuları bir araya gətirsən, yaxşı komanda yığmaq olar. Başqa bir neçə bölgə də var ki, orda futbola diqqəti artırmaq lazımdı. Onlar ayağa qalxana kimi, hökumət tərəfindən kömək edilsə, yaxşı olar. Əksəriyyətinin stadionu, bazası var. Bir az kömək etmək lazımdı. Futbolu bu yolla yüksəltmək olar. Futbolun kütləviliyi, inkişafı üçün ən azı 16 komandalı çempionat təşkil olunmalıdı. Yoxsa 8 komanda ilə heç yerə gedən deyilik.

 

Ruslan SADIQOV

0