“Neftçi”nin problemi təkcə əsas komandası ilə bağlı deyil. Klub düzgün idarə olunmadığından, bakılıların adı keçən istənilən yarışda problemlər ortaya çıxır.
Öncə klubun yaydığı açıqlamaya bir daha diqqət yetirək:
"Neftçi” PFK-nın U-10 komandası Tbilisidə təşkil edilən SSRİ-nin əməkdar idman ustası Nodar Axalkatsinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 4-cü yeri tutub. Qrup birincisi kimi 1/4 finala vəsiqə qazanmış komanda bu mərhələdə "Dinamo məktəbi”nə (U-10) 2:0 hesabı ilə qalib gəlib. Hər iki qolu Lorenzo Mezzotero vurub. Lakin yarımfinalda "Dinamo akademiyası” (U-10) səddi keçilməz olub – 0:3. "Neftçi” "Saburtalo” ilə 3-cü yer uğrunda qarşılaşmada 2:0 hesabı ilə irəlidə olsa da, sonda qələbəni əldən verib – 2:2. Təəssüf ki, oyunsonrası penalti seriyasında məğlub olan "Neftçi" 4-cü yerlə kifayətlənməli olub.
"Neftçi"nin turnirdəki digər təmsilçisi U-9 komandası isə haqsızlığa uğrayıb. 1/4 final mərhələsində "Neftçi” (U-9) – "Dinamo məktəbi” (U-9) oyununun ilk hissəsindən (1:2) sonra rəqib klub bunadək U-10-da da oynamış futbolçu Lorenzo Mezzoteronun U-9-un formasını geyinməsinə etiraz edib. 2008-ci il təvəllüdlü, yəni 9 yaşlı futbolçunun həm U-10, həm də U-9 komandasının heyətində meydana çıxmasının reqlamentə zidd olmadığı sübuta yetirilsə də, rəqib komanda etirazından əl çəkməyib. Nəticədə "Neftçi” birinci hissədə qol vurmuş Lorenzo Mezzoteronun xidmətindən fasilədən sonra yararlana bilməyib. Bununla belə, Vüsal Kərimovun qolu sayəsində hesabı bərabərləşdirməyə nail olan komanda oyunsonrası penalti seriyasından qalib ayrılaraq, yarımfinala vəsiqə qazanıb. Lakin təşkilatçılar Lorenzo Mezzoteronun ilk hissədə meydanda olduğunu əsas gətirərək, komandaya texniki məğlubiyyət veriblər. Belə olduğu halda, "Neftçi” haqsızlığa etiraz əlaməti olaraq 5-ci yer uğrunda oyuna çıxmaqdan imtina edib”.
Əvvəla, onu dəqiqləşdirək ki, “Neftçi” hansısa oyuna çıxmaqdan imtina etməyib, sadəcə, Tiflisdən qovulub. Səbəb isə yuxarıda qeyd olunanlardı.
Əslində, “Neftçi” bütün turniri eyni qaydaya keçirib. Sadəcə, əvvəlki mərhələlərdə ciddi yoxlanış olmayıb, bu rellaşanda isə ortaya rüsvayçı mənzərə çıxıb. “Neftçi” 9 yaşlıların yarışında U-10-un üzvünün xidmətindən istifadə edib və bunun qanunauyğun olduğunu, futbolçunun hər iki yarışdakı iştirak ərizəsində adının göstərildiyini isbat edə bilməyib.
Burada bir fakt önəmlidi. Mezzoteronu ümumiyyətlə, ardıcıl 2 oyuna çıxarmaq nə dərəcədə doğrudu? Bunu hətta uşaq əməyinin istismarı da saymaq olar. “Neftçi” nəticə qazanmaq naminə bu əcnəbini istismar edirmiş. Təbii ki, əsas düşüncə nəticə qazanmaq, hansısa turnirdə qazanılan medalı böyük uğur kimi ictimaiyyətə sırımaq imiş. Bunun üçün saxtakarlığa yol verəndə isə biabırçılıq yaşanıb. Əsasnaməyə görə, istənilən futbolçunun 2 yaş qrupunda oynaması mümkündü – buna söz yox, amma 9 yaşlı birini (!) belə istismar etmək nə dərəcədə ədalətlidi?
Bəs, Lorenzo Mezzotero kimdi? Bu uşağın yetişməsində “Neftçi”nin heç bir xidməti yoxdu. Atası SOCAR-da işləyən italyan bombardir Bakı klubuna da bu xəttlə düşüb və sabah valideyni ölkəmizdən gedəndə onu da özüylə aparacaq. Bakılılar azərbaycanlı balasının yerini ölkəmizə heç bir bağlılığı olmayan, burada yalnız vaxt keçirib gələcəyini düşünən, inkişafdan dayanmaması üçün oynayan birinə verib. Və təbii ki, nəticə qazanmaq üçün də yüksək məhsuldarlıq sərgiləyən oyunçu bakılılara sərf edir. Bu da saxtakarlığın başqa bir üzüdü.
Axı Tiflisdəki turnirdə nəticə qazanmaq, yüksək yer tutmaq üçün bu inadın nə mənası var idi? Lorenzo qolları sıraladı, lap “Neftçi” çempion oldu. O uşaq ki, 1-2 ilə çıxıb gedəcək, yerdə qalanların nəyə qadir olması daha maraqlı deyilmi? Mezzoteroyla qazanılan uğurun saxtalığı gec-tez üzə çıxacaqdı axı.
Ümumiyyətlə, bu, “Neftçi”nin uşaq komandaları ilə bağlı ilk belə hal deyil. 2015-ci ilin oktyabrında Rusiyanın Krasnodar şəhərində bakılılar tanınmayan Abxaziya respublikasının “Qudaita” klubu ilə bir qrupda mübarizə aparmış və bu, siyasi qalmaqala səbəb olmuşdu. O zaman gürcülər bundan incimiş, hətta bizimkiləri cavab addımı kimi qondarma “Dağlıq Qarabağ respublikası”nın təşkil etdiyi yarışlara qoşulmaqla hədələmişdi.
Tiflisdə başverənlər isə sıradan hadisə deyil. Bu, hər cəbhədə biabırçılığa uğrayan klub rəhbərliyinin əldə bayraq etmək üçün istifadə etməyə çalışdığı “kartın vurulmasıdı”.
“İndi siz idmanımızın avanqardısınız, sizdən nümunə götürürlər, sizinlə ayaqlaşmağa çalışırlar. Sizin arxanızda futbolçuların böyük bir dəstəsi olmalıdır ki, “Neftçi” komandası da lazımi ehtiyat qüvvələrini oradan götürə bilsin. Biz istəyirik ki, hər bir futbolçuya öz yaradıcılığını inkişaf etdirmək üçün hər cür şərait yaradılsın”.
Bu sözlər ümummilli lider Heydər Əliyevin çıxışından götürülüb. O, “Neftçi” haqda danışarkən bu sözlərdən istifadə etmiş, klubun strategiyasının müəyyənləşdirilməsində istiqamət göstərmişdi. Amma indiki “Neftçi” rəhbərliyi nə edir? Ölkəmizdə müvəqqəti yaşayan Lorenzo Mezzotero kimi gəlmələrlə baş aldadır, azərbaycanlı balalarını məhv, gələcəkdə futbolumuzun milliləşənlərə möhtac olmasını təmin edir.
(futbolinfo.az)