“Zirə”nin makedoniyalı müdafiəçisi Yani Urdinovun apasport.az saytına müsahibəsi
- Qış fasiləsindən sonra ilk qələbəni ötən tur “Səbail” (1:0) üzərində qazandınız. Bir az gec olmadı?
- Doğru qeyd etdiniz, tilsimi bir qədər gec qırdıq. Əslində, bundan əvvəlki oyunlarda da qələbə qazanmalı idik. Bəzən imkanlardan lazımınca yararlanmamaq, bəzən isə bəxtsizlik bizi bu vəziyyətə gətirdi. Ancaq yenə də “Səbail” üzərində qələbə sayəsində avrokubok uğrunda mübarizəni davam etdirdik. İlk “dördlüy”ə düşüb-düşməməyimiz öz əlimizdədi.
- Mövsümün ikinci yarısında ilk 11 oyunda qələbə qazana bilməməyinizin səbəbini necə izah edə bilərsiniz? Günahı kimdə və nədə axtarmaq lazımdı?
- Futbolda belə hallar olur. Buna görə kimisə günahlandırmaq doğru olmaz. Biz bir komandayıq, qələbə də, məğlubiyyət də ümumi kollektivin adına yazılmalıdı.
- Mövsümün ilk yarısında 2-ci yerə ən real komanda sayılan “Zirə” hazırda 5-ci pillədədi. Bu, “Zirə”nin qış fasiləsində zəifləməsindən, yoxsa rəqiblərin güclənməsindən qaynaqlanır?
- Bəzi matçları yüksək səviyyədə keçirsək də, qol vura bilmirdik. Yəni bir növ bəzən top qapıdan keçmək istəmirdi. Düşünmürəm ki, “Zirə” qış fasiləsindən sonra zəifləyib. Sadəcə, komanda uğursuzluq zolağına düşmüşdü və bundan bir az gec çıxdıq. Dünya futboluna nəzər yetirsək, bütün klubların belə vəziyyətlə üzləşdiklərini görərik.
- “Zirə”nin Avropa Liqasına vəsiqə şansını necə dəyərləndirirsiniz?
- Bir qədər əvvəl qeyd etdiyim kimi, hər şey öz əlimizdədi. Qarşıdakı iki görüşdə qələbə qazanmaqla Avropa Liqasına vəsiqə əldə edə bilərik.
- Son turda “Sumqayıt”la qarşılaşacaqsınız. Razısınız ki, taleyiniz bu oyunun nəticəsindən asılı olacaq?
- Bunun üçün ilk növbədə “Kəpəz”ə qalib gəlməliyik. Əgər bunu edə bilməsək, “Sumqayıt”la qarşılaşmanın bir önəmi qalmayacaq. Əlbəttə ki, “Kəpəz”i məğlub etsək, “Sumqayıt”la görüş bizim üçün finala bərabər olacaq.
- “Neftçi”nin təqvimi sizdən asandı. Səmimi cavab verin, 4-cü yeri tutacağınız təqdirdə, Azərbaycan Kubokunun finalında “Qəbələ”yə azarkeşlik edəcəksiniz?
- Bəli, belə olarsa, kuboku “Qəbələ”nin qazanmasını arzulayacam, istər-istəməz finalda bu komandaya azarkeşlik edəcəm. Amma bu barədə indidən nəsə deyə bilmərəm. Əvvəlcə çempionatın son iki turunda maksimum nəticə toplamalıyıq. Ondan sonra bu haqda düşünmək olar.
- Komandaya, şəhərə, burdakı həyat tərzinə uyğunlaşmaqda çətinlik çəkmədiniz?
- Açığı, karyeram ərzində heç vaxt adaptasiya ilə bağlı problem yaşamamışam. Hara getmişəmsə, buna görə vaxtımı itirməmişəm. Bura uyğunlaşmaqda da çətinlik çəkmədim.
- Meydana çıxdığınız 10 oyunda 1 qırmızı, 3 sarı vərəqə almısınız. Ümumiyyətlə, sərt müdafiəçisiniz, yoxsa burda belə oynamaq tələb olunur?
- Xeyr, kimsə məndən belə futbol tələb etmir. Müdafiəçi kimi sərt oynamaq vacibdi. Ümumiyyətlə, mən meydanda aqressiv oluram.
- İcarə müddətiniz başa çatmaq üzrədi və “Zirə” sizi birdəfəlik transfer etmək hüququna məxsusdu. Bununla bağlı danışıqlara başlanılıbmı?
- Hələlik heç kimlə danışıq aparmamışam. İndi yalnız qarşıdakı oyunlara köklənmişik. Çünki mövsümün həlledici mərhələsindəyik. Ancaq yenə də təklifləri dəyərləndirməyə hazıram.
Ruslan SADIQOV