“Xəzər Lənkəran”ın heyətində çıxış edən gənclər artıq özlərini yaxşı tərəfdən göstərirlər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun idman direktoru Yunis Hüseynov deyib.
Ölkə çempionatının XXIX turunda “Neftçi” ilə heç-heçəyə görə futbolçulara pul mükafatının verilməsi məsələsinə toxunan Hüseynov komandanı tərifləyib: “Premiya” verib-verməmək klubdaxili məsələdi. Əsas odu ki, uşaqlar “Neftçi”yə qarşı əla oyun göstərdilər. Mən futbolçularımızın oyunda dönüş edəcəklərinə inanırdım. Fasilədə həm Elbrus Məmmədov, həm də mən uşaqlara fikirlərimizi çatdırdıq. Onlar derbi oyununa çıxdıqlarını dərk edirdilər. İkinci hissədə “Xəzər Lənkəran” həddindən artıq özünəinamla oynadı. Azarkeşlər də sona qədər dəstək oldular”.
Təcrübəli mütəxəssis “Neftçi” ilə oyunda qeydə alınan nəticənin futbolçulara əlavə güc verəcəyini qeyd edib: “Əslində “Xəzər Lənkəran” hər oyuna qələbə üçün çıxır. Sadəcə, derbi görüşlərində istək daha çox olur. Mən özüm də vaxtilə futbolçu olmuşam. Belə matçlarda oyunçular meydana həddindən artıq motivasiya ilə çıxırlar. Məncə, bu nəticə “Xəzər Lənkəran”da çıxış edən gənclərə özünəinam verəcək. Gəncdilər, istəklidilər. Gördülər ki, oyuna yaxşı köklənəndə nəticə də yaxşı olur. Çempionatda digər komandaların çıxışı mənim üçün o qədər də maraqlı deyil. Mənim bir favoritim var, o da “Xəzər Lənkəran”dı”.