“Təlim-məşq toplanışı yaxşı keçdi. Həm fiziki, həm taktiki hazırlıq üzərində çalışdıq”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin futbolçusu Cavid Hüseynov deyib.
“Qırmızı-qaralar” 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlıq prosesinin ilk mərhələsini başa vurublar. “Qəbələ”nin kapitanı Hüseynov İsveçrənin “Sürix” klubu ilə görüş (0:1), həmçinin toplanışın ilk mərhələsi barədə fikirlərini açıqlayıb: “İki yoxlama matçında qüvvəmizi sınadıq. İlk görüşlə müqayisədə “Sürix”lə oyun nisbətən ağır keçdi. Qarşılaşmada bəzi boşluqlar buraxdıq. Xüsusilə də ikinci hissədə öz oyunumuzu göstərə bilmədik. Amma bizim də şanslarımız çox oldu. 100 faizlik imkanlardan yararlana bilmədik. Ümumilikdə toplanışın ilk yarısını normal hesab etmək olar. Qarşıda hazırlığın ikinci mərhələsi var. İnanıram ki, həmin hazırlıq prosesində üzərimizdə çalışıb, bu çatışmazlıqları aradan qaldıracağıq”.
Mənbə: gabalafc.az