“Məlum məsələlərə görə həftəiçi vətəndə deyildim. Gələndən sonra uşaqlarla iclas etdik”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Sumqayıt”ın baş məşqçisi Samir Abasova məxsusdu.
“Gənclik şəhəri” təmsilçisi Topaz Premyer Liqasının XXII turunda qonağı olduğu “Neftçi” ilə qarşılaşmada 1 xala (2:2) sevinib.
Oyunsonrası mətbuat konfransında Abasov bu fikirləri səsləndirib: “Uşaqlara dedim ki, yaxşı ki, burda deyildim. Çünki yazılanları bilirik, futbolçular psixoloji təzyiq altındadılar. Bu gün oyun sistemini kənara qoymuşduq, bizə inananlar üçün meydanda idik. Yaxşı oynadıq, sadəcə, bəxtsizlikdən qol buraxdıq. “Neftçi” yaxşı komandadı, əla oyunçuları var. Amma əsas olan mənim komandamdı. Yaxşı kollektivə malikik, gördüyümüz iş göz qabağındadı. Düzü, çatışmayan cəhətlər var. Vaxt keçdikcə hər şey öz yerini tapacaq”.
- Fərhad Vəliyevlə Rail Məlikov olduğu yerdə kapitan sarğısını Cavid İmamverdiyevə həvalə etmişdiniz...
- Kapitanlığı özüm verdim. Bu oyunun yükünü Cavidə yükləmək istədim. Ötən görüşdə Caviddən narazı qaldım, amma ruhdan düşməmək üçün bu gün ona kapitan sarğısını həvalə etdim. Məncə, düzgün addım atmışam.
- Matçdan sonra komandanızı toplayıb “Neftçi” azarkeşlərini alqışladınız. Bu addımı nəyə görə atdınız?
- Bütün azarkeşlərə ehtiyacımız var. Bu gün “Neftçi”nin azarkeşləri oyuna rəng qatdılar. Azərbaycan azarkeşlərini qorumaq lazımdı.
- Görüşün 85-ci dəqiqəsində top rəqib futbolçunun əlinə dəydi və etiraz etdiniz...
- Mən topun futbolçunun əlinə dəydiyini gördüm. Əgər referi bunu görməyibsə, mən heç nə deyə bilmərəm.
- Mövsümün sonunda “Sumqayıt”dan bir neçə futbolçunun ayrılacağı söylənilir. Bu durum sizi narahat etmir?
- Bu, “Sumqayıt”ı narahat etməlidi. Yəqin ki, rəhbərliyimiz addım atacaq. Amma bu dəqiqə pul hər şeyi həll edir, biz top-klublarla mübarizə apara bilmərik. Çətin olsa da, rəhbərlik əlindən gələni etməlidi.
- Rəşad Eyubov oyunun gedişində meydanı tərk etdi...
- Rəşadın problemi var idi, gözləyə bilməzdi. Bundan başqa, onu əvəzləməyi planlaşdırırdıq.