“Təbii ki, püşkün nəticəsindən məmnun deyiləm. Mümkün rəqibimiz Avstriya və Azərbaycan klubları deyil, daha yaxşı variant ola bilərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiya millisinin sabiq futbolçusu Milan Baroş deyib.
Avropa Liqasında “Neftçi”nin potensial rəqibi olan “Mlada Boleslav”dan ayrılan 35 yaşlı hücumçu Bakıya “Kəpəz”lə qarşılaşmaq üçün gələ bilər. Artıq yeni klubu “Slovan”la məşqlərə başlayan veteran gəncəlilərin potensial rəqibinə çevrilib. Amma bunun üçün qərblilər “Admira” səddini adlamalıdı. “Liverpul”, “Lion”, “Qalatasaray” kimi klublarda da çıxış etmiş Baroş verdiyi müsahibədə rəsmi debütünün gerçəkləşəcəyi III təsnifat mərhələsindəki rəqiblərini tanımadığını qeyd edib: “Ən azı ona görə ki, “Admira” və “Kəpəz” haqda hər hansı təsəvvürüm də yoxdu. Onların səviyyəsinə və oyun üslubuna bələd deyilik. Rəqibimizi tanımaq üçün təhlillər aparmalı olacağıq. Qarşılaşacağımız komandanın nəyə qadir olduğunu bilməliyik”.
Qeyd edək ki, Baroş yığmada 93 oyunda 41 qol vurub. AÇ-2004-ün ən yaxşı bombardiri “Liverpul”da Çempionlar Liqası, “Lion” və “Qalatasaray”da ölkə çempionatının qalibi olub.