Topaz Premyer Liqasının XXIX turu çərçivəsində “Neftçi”ni qəbul edən “Xəzər Lənkəran” fasiləyə məğlub yollansa da, ikinci hissədə vurduğu 2 qol sayəsində əzəli rəqibi ilə dueldən 1 xalla ayrıldı. Oyunla bağlı məqamlardan biri də meydan sahiblərinin yarımmüdafiəçisi Alfred Sankonun qırmızı vərəqə alaraq komandasını azlıqda qoyması oldu. Qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandıran futbolçu hakimin qərarlarından narazı qaldığını gizlətməyib.
- Meydanı erkən tərk etsəniz də, oyunu tribunadan izlədiniz...
- Uşaqlar yaxşı oynadılar. Bilirəm, bu cür görüşlərdə komandama kömək etməli idim. Amma ikinci sarı – qırmızı vərəqə planlarımızı pozdu.
- Qırmızı vərəqə aldığınız epizodla razısınız?
- Həmin vaxt əsəbi idim. Çünki hakim bizim hər epizodumuza fit çalır, vərəqə göstərirdi. Ancaq “Neftçi”yə bunu etmirdi. Rəqibə rəğbəti olduğu hiss olunurdu.
- Ancaq siz “qırmızını” sanki özünüz istədiniz...
- Yenə deyirəm, hakimin matçın əvvəlindəki qərarları təsir etdi. Buna görə də hisslərimi cilovlaya bilmədim. Ancaq komanda yoldaşlarım azlıq qalsalar belə, dönüş yarada bildilər. Vacib olan bu cür oyunda uduzmamaq idi.
- Komandanız ikinci hissədə dönüş yaratdı. Bunu nə ilə əlaqələndirərdiniz?
- Uşaqlar xarakter göstərdilər. Yaradılan epizodlardan düzgün istifadə etdilər. Bu cür oyunda, həm də azarkeşlərin qarşısında uduzmaq olmazdı. Əzmkarlıq nəticəsini verdi.
- Əvvəlki derbilər zamanı stadion tamam dolurdu. Amma indi heç oturacaqların yarısı dolmamışdı. Fanatlar niyə inciyib?
- Onlardan razıyıq. Bu gün bizi sona qədər dəstəklədilər. Stadionun dolmamağı matçın əhəmiyyətini azaltmır. Maraqlı oyun izlədiklərini düşünürəm.