Mayın 20-dən etibarən Avstriyada təlim-məşq toplanışında olan və bu gün vətənə dönən Azərbaycan milli komandasının yarımmüdafiəçisi Cavid Hüseynovun apasport.az saytına müsahibəsi.
- Toplanış necə keçdi?
- Əvvəl fiziki ağırlıqlı məşqlər keçirdik. Daha sonra baş məşqçi taktiki və texniki çalışmalara yer ayırdı. Yoxlama oyunu olmadığına görə, öz aramızda belə bir matç keçirdik. Hər şeyi etdik ki, qarşıdakı oyuna hazır olaq.
- Yoxlama oyununun keçirilməməsi toplanışın əhəmiyyətini azaltmadı?
- Hər bir toplanışın məqsədi var. Budəfəki hazırlıq prosesi də Şimali İrlandiya ilə matç üçün nəzərdə tutulub. Bu baxımdan, toplanışın əhəmiyyəti azalmayıb. Yoxlama oyunu niyə keçirmədik, bunun səbəbini bilmirəm. Əslində, yaxşı olardı ki, hansısa rəqiblə gücümüzü sınayaq. Ancaq alınmadı. Bunun bizə maneə yaradacağına inanmıram.
- Çempionatın erkən başa çatması necə, hiss olunurdumu?
- Onu indi demək çətindi. Məşqlər uşaqların yaxşı formada olduğunu göstərdi. Elə bir çətinliyimiz, narahatlığımız olmadı.
- Riçard Almeyda artıq millinin heyətində çıxış edə biləcək. Onun toplanışdakı performansı necə idi?
- Almeyda milliyə kömək edəcək futbolçudu. Uğurlar və zədələrdən qorunmağı arzulayıram. O, neçə ildi çempionatımızda çıxış edir, gücünə bələdik. Belə futbolçular ancaq kömək edir. Kifayət qədər güclü, texnikalı futbolçudu. Ölkəmizi layiqincə təmsil edəcəyinə inanıram.
- Dünən Şimali İrlandiya Yeni Zelandiya ilə yoldaşlıq oyunu keçirib. Həmin qarşılaşmanı necə, izlədinizmi?
- Əlbəttə, izlədik. 1:0 hesabı ilə qələbə qazandılar. Bu komandanın ənənəvi oyun üslubu var. Yenə Britaniya futbolu oynadılar, cinahlardan asmalar, standart vəziyyətlərdən istifadə, “ikinci mərtəbə” amilindən yararlanmaq və s.
- Bu sadaladıqlarınız rəqibdən çəkinməyə əsas verirmi?
- Bu cür nüanslar bizi çəkindirə bilməz. Rəqibin adı, oyun üslubu bizi məqsədimizdən döndərə bilməz. Qələbə qazanmaq üçün mübarizə aparacağıq. İstəyimiz 3 xal qazanmaqdı. Bu qədər əziyyət çəkmişik, qarşılığı nə olacaq, meydanda görəcəyik.
- Toplanış baş məşqçini qane etdimi?
- Son məşqdən sonra hazırlıq durumundan razı qaldığını, futbolçuların məşqlərə yanaşmasından məmnunluğunu ifadə etdi. Yenə deyirəm, komanda olaraq əlimizdən gələni etdik ki, qarşıdakı oyuna yaxşı hazırlaşaq. Buna nə dərəcədə nail olduq, onu oyun zamanı görəcəyik.