Milli komandamızın Moldova ilə hazırlıq oyunundan əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov apasport.az saytının da suallarını cavablandırıb.
- Millidə yeni dövr başlayır. Nə gözləyirsiz yığma komandadan?
- Millətlər Liqası bizim üçün yeni imkanlar, şanslar yaradır. Artıq rəqiblərimiz də bəllidi. Bəziləri ilə yaxın keçmişdə oynamışıq, tanış komandalardı. Artıq sabah ilk yoxlama oyunu keçirəcəyik. Əsas məqsəd futbolçuları yoxlamaqdı. Martda ikinci sınaq matçımız da olacaq. Mayın sonu və iyunun əvvəlində fürsətdən yararlanıb bir neçə oyun yenə keçirəcəyik.
- Kosovo ilə oyun alınmadı, onun əvəzinə vaxt az olsa da, başqa komanda axtarışı varmı?
- Püşkdən sonra baş məşqçi ilə məsləhətləşib oyunu keçirməməyi qərara aldıq. Yeni komanda tapmaq olardı, amma milli komanda olmadığı üçün razılaşmadıq.
- Kosovo ilə səfər oyunu hansısa diplomatik problemlər yaratmayacaq?
- Kosovo idman qurumu olaraq BOK, FİFA və UEFA üzvü olaraq artıq Azərbaycana səfər edib. Onların U-21 komandası da Bakıya gəlib. Bu addımı atmamışdan qabaq Xarici İşlər Nazirliyi ilə dəqiqləşdirdik və UEFA-ya bildirdik. Oyundan öncə bir daha XİN ilə məsləhətləşəcəyik, düşünürəm ki, bir problem olmayacaq.
- Bir neçə baş məşqçi ilə çalışmısınız. Yeni təyinat millidəki ab-hava baxımından hansısa dəyişiklik yaradıbmı?
- Bundan əvvəlki iki əcnəbi baş məşqçi ilə işlədik. Bura gələnə qədər onları tanımırdıq. Amma Qurban müəllimi 10 ildir ki, yaxından tanıyırıq. Əvvəl də futbolçu kimi azarkeşlik edirdik. İndi bilirəm ki, sürprizlər olmayacaq. Əcnəbilərlə həmişə hansısa gözlənilməzlik olurdu. Əsas məsələ uzunmüddətli düşünməkdi və bütün yaş qrupları üzrə yığmaların eyni sistemlə oynamasıdır.
- Millətlər Liqasındakı qrupa baxarkən futbol ictimaiyyəti düşünür ki, bu qrupdan mütləq çıxmalıyıq. Baş katib olaraq siz nə düşünürsüz?
- Məqsədimiz birinci yeri tutmaqdı. Düşünürəm ki, komanda bunu bacaracaq gücdədi.
- Dünya çempionatının seçmə mərhələsinə milli komandamız “Niyə də yox?” şüarı ilə başlamışdı. Bu dəfə hansı şüar olacaq?
- Bu barədə Marketinq şöbəsinin əməkdaşları düşünürlər. “Niyə də yox?” ölkədə çox populyar oldu. Düzdü, seçmə mərhələnin sonu uğursuz olduğuna görə şüar axırda komik format aldı, buna baxmayaraq, addım özünü doğrultmuşdu.
- “Neftçi”də hər şey normal olduğu halda AFFA klub müdaxilə etdi və o vaxtdan komandada düşüş başladı. Sizcə, bu müdaxilə labüd idimi?
- Əvvəlcə onu deyim ki, AFFA “Neftçi”yə heç bir müdaxilə eləmədi. Nə de-fakto, nə də de-yure. Sadəcə komanda nəticə verəndən sonra formasını itirməyə başladı. AFFA-nın digər klublara müdaxiləsi olub, amma “Neftçi” ilə bağlı belə hal baş verməyib. Ümid edirik ki, komanda yenidən əvvəlki vəziyyətinə gələcək.
- Daha əvvəlki məşqçilərin AFFA-dan tələbləri çox idi, yoxsa Qurban Qurbanovun?
- Elə də böyük fərqi yoxdu. Məşqçilər ilk gündən öz tələblərini səsləndirirlər. Biz də baxırıq və qəbul edirik. Qurban müəllim də öz arzu və tələblərini bildirdi, bu proses davam edir. Qeyri-adi bir şey yoxdu, əsas odu ki, müəyyən standart var.
- Adətən yerli məşqçilərlə əcnəbilər arasında onlara yaradılan şəraitdə fərqlər olur. Bu dəfə də elə olacaq?
- Biz 2018-ci ilin büdcəsini artıq təsdiq etmişik, heç bir dəyişiklik yoxdu. Eyni rəqəmlərdi. O, daha çox məşqçinin özündən asılıdı. Əgər onun öz tələbləri varsa, hörmətlə yanaşırsa, tələb edəcək və işəgötürən də bunu icra edəcək.
- Millətlər Liqasında yolumuz Ermənistanla kəsişə bilər. Bunu istərdinizmi?
- Bu, problemli oyundu. Püşkə görə bu mərhələdə düşə biməzdik, amma növbəti mərhələdə qarşılaşacağıq. UEFA bizə şifahi olaraq xəbərdarlıq etdi ki, bu hal baş versə, məsələyə İcraiyyə Komitəsi qarışacaq. Oyun olacaqmı, olacaqsa, harda olacaq və s. Amma futbol elədi ki, yekunda FİFA və UEFA-nın tövsiyələrini nəzərə alacağıq. Nə lazım olsa, onu da edəcəyik. Neytral meydançada olsa da, oyun baş tutacaq. Eyni qaydada canlı yayım, sponsor problemləri var.
- Kim güclü olacaq?
- O, meydançada görsənəcək. Gəlin əvvəlcə birinci yer tutaq, bu barədə sonra danışarıq.