“İnter”in və milli komandanın qapıçısı Səlahət Ağayevin apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının XXVIII turunda qeydə alınan nəticələrdən sonra “Qarabağ”la aranızda xal fərqini 7-yə endirdiniz. Sizcə, mövsümün sonuna kimi bu fərqi də aradan qaldıra biləcəksizmi?
- Futbolda hər şey mümkündü. Amma “Qarabağ” da zəif komanda deyil ki, qalan bütün turlarda xal itkisinə yol versin. Sona kimi mübarizə aparacağıq. Çempion ola bilməsək də, mövsümü, ən azından, ikinci pillədə bitirmək istəyirik. Çünki ikinciliyi də hələ rəsmiləşdirməmişik. “Neftçi” bizi izləyir. Odu ki, xal itirmək olmaz.
- “İnter” üçün indiki məqamda çempionluq çox ikincilik real görünür...
- Əgər şansımız varsa, çempionluğa niyə oynamayaq? Amma ikincilik də önəmlidi.
- Baş məşqçi Kaxaber Sxadadze yayda “İnter”i tərk edəcək. Onunla yanaşı, bir çox futbolçunun da komandadan ayrılacağı gözlənilir. Belə olsa, “İnter” Avrokubokda problemlə üzləşməyəcək?
- Məncə, problem olmayacaq. Kaxa hələ ki, bizimlədi. Düzdü, yayda gedəcək, ancaq onun əvəzinə yeni məşqçi gələcək. Yəqin ki, o da komandaya yeni futbolçular gətirəcək. Ola bilsin, bu, “İnter”in çıxışına mənfi təsir göstərsin.
- Sxadadzenin etimadı nəticəsində “İnter”in əsas qapıçısına çevrildiniz. Qorxmursuz ki, onun gedişindən sonra ehtiyata düşə bilərsiz?
- Xeyr, qorxmuram. Desəm ki, kim gəlsə, oynayacam, bu da düz çıxmaz. Ancaq əlimdən gələni edəcəm ki, yeni baş məşqçinin də inamını qazanım.
- Cahangir Hacıyevin istefasından sonra “İnter”in maddi vəziyyətinin pisləşəcəyi haqda xəbərlər səngimək bilmir. Söz-söhbət futbolçulara necə təsir edir?
- Hələ ki, elə söhbət yoxdu. Biz də mətbuatda yazılanları oxuyuruq. “İnter”dəki vəziyyət əvvəl necə idisə, indi də elədi. Bizdə nədənsə bir şey olanda ancaq mənfi tərəfini düşünürlər. Heç kim məsələnin yaxşı tərəfini demir. Yıxılana balta vurmaq məsələsidi.
- Robert Prosineçkinin gəlişindən sonra millinin baş tutan hər iki toplanışına dəvət alsanız da, heç birində iştirak edə bilmədiz. Əvvəlcə zədə, sonra isə sağlamlığınızla bağlı problemlə üzləşdiyiniz üçün heyətdən kənarlaşdırıldız. Bu amil yığma karyeranıza mənfi təsir göstərməyəcək ki?
- Belə şeylər hər futbolçunun başına gələ bilər. Əsas odu ki, Prosineçki məni hər iki toplanışa çağırdı. Sadəcə, gah zədəli, gah da xəstə olduğum üçün toplanışda iştirak edə bilmədim. Bir həftə ərzində hərarətim düşmədi, heç nə yemədim. Hətta fikirləşə də bilmirdim. Bəxtsizlik deyək. Olan oldu, keçən keçdi. Artıq irəli baxmaq lazımdı. Əlimdən gələni edəcəm ki, Prosineçki Norveçlə oyuna da məni çağırsın.
- Hər halda, millinin əsas qapıçısı olmaq mənasında, yaxşı imkan əldə etmişdiz. Kamran Ağayevin artıq “Kayserispor”un bir nömrəsinə çevrildiyini nəzərə alsaq, bundan sonra işiniz heç də asan olmayacaq...
- Mən məşqlərdə əlimdən gələni edirəm. Birinci növbədə, klubumda özümü yaxşı tərəfdən göstərməliyəm ki, milliyə çağırılım. Hamı istəyər yığmada oynasın. Prosineçki kimə şans versə, o da qapıda duracaq. Rəqabətdən çəkinmirəm. Amma seçim baş məşqçinindi.
Tengiz MƏMMƏDOV