21 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində bu gün Norveç yığması ilə qarşılaşacaq. Ötən il səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edən və qrupdakı yeganə qələbəsini aktivinə yazdıran komandamız bu dəfə Bayıl Arenada meydana çıxacaq. Baş tutacaq oyundan əvvəl Azərbaycanın U-21 yığmasının baş məşqçisi Bernhard Lippert apasport.az saytının suallarını cavablandırıb.
- Bu gün Norveçlə qarşılaşacaqsınız. Oyun öncəsi komandada vəziyyət necədir?
- Hazırlığımız intensiv şəkildə keçdi. Vaxtımızın çoxu futbolçuların fiziki hazırlığını yüksəltməyə sərf olundu. Mövsümün sonu olduğundan onlar düşərgəyə zəif gəlmişdilər. Hazırlıq prosesində futbolçular çox fəal oldular. Çalışırdılar ki, verilən tapşırıqları maksimum dərəcədə yerinə yetirsinlər, artırsınlar. Bu müddət yalnız fiziki hazırlıq deyil, uşaqların bir-birinə qaynayıb-qarışması baxımından da əlverişli keçdi.
- Əsas milli ilə birgə ABŞ-dakı toplanışda iştirak edən futbolçulardan bir neçəsi U-21-in hazırlığına qoşuldu. Onların durumu Norveçlə oyuna komandaya kömək etməyə imkan verir?
- İdeal vəziyyətdə olduqlarını deyə bilmərəm. Müəyyən problemlər var. Əvvəla onlar uzun yol qət ediblər. Həm uçuşun, həm də vaxt dəyişikliyinin onlar üçün problem yaradığı görünür. U-21-ə qoşulandan onlar güclərini bərpa etməyə çalışırlar. Amma bu gün meydana daha yaxşı hazırlaşmış şəkildə çıxacağımıza ümid edirəm.
- Tuğrul Erat zədə üzündən komandaya kömək edə bilməyəcək. Səfərdəki qələbənin memarı olan forvardın yoxluğu hiss olunacaqmı?
- Tuğrul kimi futbolçunu asanlıqla əvəz etmək mümkün deyil. Onun yoxluğunu hansısa futbolçu ilə deyil, komanda şəklində hiss etdirməməyə çalışacağıq. Bunun üçün komanda üzvləri hücumda və müdafiədə daha kompakt şəkildə iştirak etməlidir.
- Norveçlə ötənilki qarşılaşmadan sonra rəqibin hansısa oyununu izləmisinizmi?
- Əlbəttə, rəqibin oyunlarını izləmişik. Onlar hər qarşılaşmaya demək olar, 6-7 fərqli futbolçu ilə çıxırlar. Sabit heyətlə oynamırlar. Bu da işimizi çətinləşdirən faktdır. Ola bilsin, onlar bizim müşahidə etdiyimiz şəkildə deyil, fərqli üslubda oynamasınlar. Buna hazır olmalıyıq.
- Nörveçin U-21 komandasının baş məşqçisi postunda dəyişiklik edildikdən sonra, komandada hansı dəyişikliklər müşahidə etmisiniz?
- Yeni məşqçi gəldikdən sonra komanda müəyyən uğur qazanıb. Ona qədər Norveçin xalı yox idi. Amma hazırkı məşqçinin təyinatından sonra ən azı Makedoniyanı iki dəfə məğlub edib, 6 xal qazanıb. Bundan başqa, baş məşqçi heyətə daha gənc futbolçuları dəvət edib. Komanda indi daha kompakt təsir bağışlayır. Oyuna gəldikdə, futbolçularımızın mübarizə əzminin bizə kömək edəcəyinə ümid edirəm.