“Xəzər Lənkəran” klubunun məşqçisi Emin Quliyevin apasport.az saytına müsahibəsi
- Avrokuboklardakı təmsilçilərimizdən üçünün rəqibi müəyyənləşib. Püşkü necə dəyərləndirirsiniz?
- Təmsilçilərimizi daha şanslı sayıram. Yaxşı hazırlaşsalar, hər biri mərhələ adlaya bilər. Keçilməyəcək gücdə rəqiblər deyillər.
- Hansı təmsilçimizin qismətinə daha münasib rəqib düşüb?
- “Qarabağ”ın. Təmsilçimizin oyununa bələd olduğum üçün mərhələ adlayacağımızı deyə bilərəm. Çünki çempionumuzun hansı gücdə olduğunu bilirik. “Qəbələ”də pis komanda deyil. “Şiroki Briyeq”i mübarizədən kənarlaşdıra bilərlər. Oynamaq lazımdır. Yaxşı hazırlaşmasan, müqavimət göstərməsən, mərhələ adlamaq çətindir.
- Ötən il “Xəzər Lənkəran” “Slima”nı mübarizədən kənarlaşdıranda siz də məşqçilər korpusunda yer alırdınız. Malta çempionu ilə təmsilçimizi müqayisə etmək mümkündürmü?
- Belə baxanda, Malta çempionatı bizim çempionatdan daha zəifdir. Klubları da həmçinin.
- Bəs “Qarabağ”a nə mane ola bilər?
- Şanssızlıq. Amma reallığı nəzərə alsaq, komandaların gücünü müqayisə etsək, “Qarabağ” mərhələni keçməlidir. Onlara heç nə mane olmamalıdır.
- “Şiroki Briyeq” sizə daha yaxşı tanışdır. “Neftçi” ilə bu komandanı mübarizədən kənarlaşdırdığınız oyunu xatırlayırsınızmı?
- Əlbəttə. 2004/05-ci il mövsümündə qarşılaşmışdıq. Həmin vaxt səfərdən sərfəli nəticə ilə döndük. 1:2 hesabı ilə yenilsək də, qol vurmağı bacarmışdıq. Cavab qarşılaşmasında isə 1:0 hesabı ilə qələbə qazandıq. Həmin oyunda qolu mən vurdum.
- Rəqib necə komandadı?
- “Vuruşan” komandadı. Topla da yaxşı oynayırlar. Səfərdə də asan təslim olmurlar. Bizimlə Bakıdakı qarşılaşmada qol epizodları oldu, istifadə edə bilmədilər. Ona görə də ehtiyatlı oynamaq lazımdır.
- “Qəbələ”nin debütant olması, təcrübəsizliyi problem yarada bilərmi?
- Komanda ilk dəfə çıxış etsə də, heyətində təcrübəli futbolçular var. Baş məşqçiləri də Avropa futboluna yaxşı bələddir. Mərhələ adlayacaqlarına inanıram.
- “İnter”in rəqibi olan “Tiraspol” barədə nə deyə bilərsiniz?
- Öncə onu deyim ki, o vaxt Rasim Kara “Xəzər Lənkəran”ın baş məşqçisi olanda “Nistru” ilə qarşılaşdıq. Təəssüf ki, hər iki oyunda uduzduq və mübarizəni dayandırdıq. “İnter”ə uğurlar arzulayıram. Çünki təmsilçimizin oyununa, taktikasına bələdəm.
- Deməli, ən çətin rəqib “İnter”in qismətinə düşüb?
- Belə düşünmək olar, amma “İnter”in mərhələ adlayacağına şübhə eləmirəm.