Bakıda təşkil olunan sayca dördüncü Caspian Cup turniri başa çatdı. Finalda İrana 0:1 hesabı ilə uduzan Türkiyə yığması bu dəfə gümüş medalla kifayətləndi. Görüşdən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandıran Türkiyə yığmasının (U-16) baş məşqçisi Mehmet Hacıoğlu final qarşılaşması ilə yanaşı, həmyerlisi Oğuz Çətinin “Xəzər Lənkəran”a baş məşqçi təyin edilməsi ilə bağlı fikirlərini açıqlayıb.
- 2 dəfə Caspian Cup turnirinin qalibi olan Türkiyə millisi bu dəfə niyə büdrədi?
- Hazırkı komandanı qarşıdakı Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına hazırlayırıq. Buna görə də turnirin qalibi olmaqdan daha çox, meydandakı oyun bizi daha çox maraqlandırırdı. Futbolçular oyundan oyuna artırırdılar. Bu, bizi sevindirdi. Əlbəttə, qalib olsaydıq, onların adına sevinərdik. Ancaq qazanıb-qazanmamaq bizi elə də maraqlandırmırdı. Əsas oyunçularımızın inkişaf etməsidir, beynəlxalq təcrübə qazanmasıdır. Onların bizi sevindiklərini deyə bilərəm.
- Turnirin təşkilatçılığı necə, sizi razı saldımı?
- Çox razı qaldıq. Heç bir şikayətimiz yoxdur. Hər şey qaydasındadır. Sadəcə, müəyyən təkliflərimiz var. Avropadan dəvət edilən iddialı komandaların sayı bir qədər də artırılarsa, yarış daha çox diqqət çəkər.
- Yarışa Türkiyədə maraq necədir?
- Azərbaycan və Türkiyə Futbol Federasiyaları arasında qardaşlıq münasibəti olduğu üçün turnirə daim qatılırıq. Təbii ki, yarış bizim üçün çox önəmlidir. Bu üzdən də hər il iştirak edirik.
- Azərbaycan futbolu haqda hansı məlumatlara sahibsiniz?
- Burada türkiyəli məşqçilərdən çalışanlar oldu, futbolçularımızdan bəziləri ölkənizdə çıxış etdi. Gözəl işlər görülür. Xüsusilə, infrastruktur baxımından buna qabartmaq olar. Azərbaycan futbolunun tədricən inkişaf edəcəyini düşünürəm. Amma süni örtüklərin sayının azaldılması da şərtdir.
- Türkiyəli məşqçilərin ölkəmizdə çalışdığını qeyd etdiniz. Amma Mustafa Dənizli, Güvənc Kurtar, Fatih Kavlakın ölkəmizdə uğursuzluğa düçar olduğunu bilirsinizmi?
- Əslində, onların fəaliyyətini uğursuz hesab etməzdim. Çünki adlarını çəkdiyiniz məşqçilərin hamısı komandalarına mövsümün gedişində dəvət ediliblər. Yəni heç biri öz istədiyi heyəti qurmayıb. Kimlərinsə qurduğu komanda ilə işləyiblər. Buna görə onları uğursuzluqda qınamaq düzgün olmaz. Rasim Karanın gözəl işlər gördüyünü də vurğulamaq lazımdır. Onlar vaxtında gəlib, çiyinlərini belə məsuliyyətli işlərin altına verdilər. Əgər uğur qazanmaq istəyirsinizsə, uzunmüddətli anlaşmalarla irəli gedə biləcəyini vurğulamalıyam.
- Dənizli ilə azarkeşlər arasında da xoş olmayan hadisələr yaşandı. O, Almaniyada işləyən zaman da bu aqibətlə üzləşmişdi. Bəlkə Dənizlinin xarakterindəki sərtlik hadisələri bu səviyyəyə çatdırdı?
- Mustafa hocanın azarkeşlərlə problem yaşadığını düşünmürəm. Ola bilsin, komanda hədəfinə çatmadığına görə, bu cür hallar baş verib.
- Oğuz Çətin artıq ölkəmizdə baş məşqçi kimi çalışacaq. Vaxtilə onunla bir komandada çıxış etmisiniz. Çətinin necə, “Xəzər Lənkəran”da uğur qazanacağını gözləmək olarmı?
- Hər ikimiz “Fənərbaxça”da bir yerdə çıxış etmişik. O, ümid bəslənən məşqçilərdəndir. Komandaya fayda verəcəyinə əminəm.
- Amma xarakter etibarı ilə bir qədər mülayim insan təsiri bağışlayır...
- Oğuz çox keyfiyyətli məşqçidir. Uzun müddət məşhur məşqçilərlə birgə çalışıb. Məsələn, Fatih Terimin, Qus Hiddinkin köməkçisi olub. Təcrübəsi Çətinə yetər, o, işinin öhdəsindən gələcək gücdədir.