Xankəndi şəhərində keçirilən Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü AUC2026 çərçivəsində panel sessiyalarla davam edib.
Apasport.az saytının Xankəndinə ezam edilmiş əməkdaşı xəbər verir ki, forum çərçivəsində təşkil olunan panellər Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) gedən yol üzrə BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunub.
Tədbirin ikinci günündə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, Azərbaycanda gənclər siyasəti ardıcıl şəkildə həyata keçirilir və gənclərə hərtərəfli dəstək göstərilir. O, Qarabağ Universitetində, eləcə də azad edilmiş ərazilərdə beynəlxalq tədbirlərin mütəmadi təşkil olunduğunu qeyd edib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov istər elm, istərsə də tibb sahəsində inkişaf üçün gənclərin rolunun vacibliyini vurğulayıb və Azərbaycan gənclərinin inkişafa açıq olduğunu bildirib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini İlqar İsbatov isə gənclərin şəhərsalma proseslərində fəal iştirakının vacibliyini qeyd edərək, bu istiqamətdə müxtəlif sərgi və müsabiqələrin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Forum çərçivəsində “Gələcəyin şəhərlərinin qurulması: milli inkişafda gənclərin məsuliyyəti” və “Şəhərlər imkanlar sistemi kimi: gənclər üçün təhsil, bacarıqlar və məşğulluq” mövzularında panel sessiyalar keçirilib.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası 17–22 may tarixlərində Bakı şəhərində keçiriləcək. Forum ərəfəsində Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində müxtəlif tematik tədbirlərin təşkili davam etdirilir.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!