UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”la qarşılaşan ÇSKA-nın (Sofiya) futbolçusu Teodor İvanov matçdan sonra Apasport.az saytına açıqlama verib.
22 yaşlı bolqarıstanlı müdafiəçi komandasının çıxışını dəyərləndirib: “Fikrimcə, komandamız yaxşı oyun keçirdi və böyük xarakter göstərdi. “Qarabağ” çox keyfiyyətli futbolçulara sahib güclü komandadır. Amma düşünürəm ki, cavab görüşü bizim üçün çox vacib olacaq. Həmin matçda daha çox xarakter və daha yüksək sürət nümayiş etdirməyə çalışacağıq”.
İvanov heç-heçə nəticəsinin onları tam qane etmədiyini bildirib: “Bizim komandamız həmişə qalib gəlmək istəyir. Hazırda əldə etdiyimiz nəticə budur. Sofiyada qol vurmağa və növbəti mərhələyə yüksəlməyə çalışacağıq”.
Bolqarıstan millisinin üzvü mərhələ keçəcəklərinə inandığını da qeyd edib: “İnanıram ki, növbəti mərhələyə adlaya bilərik. Biz də yaxşı komandayıq, rəqib də. Amma bunu daha çox istəyən və meydanda daha yaxşı mübarizə aparan tərəf istəyinə çatacaq”.
Gənc müdafiəçi cavab oyununa hazırlıqdan da danışıb: “İki gündən sonra ölkə çempionatında oyunumuz var. Yaxşı bərpa prosesi keçəcəyik, taktiki hazırlıq üzərində işləyəcəyik və daha sonra cavab matçına köklənəcəyik”.
İvanov Bakı haqqında da fikirlərini bölüşüb: “Bakı çox gözəl şəhərdir, onu çox bəyənirəm. Amma buradakı tıxaclar inanılmazdır”.
Sonda futbolçu azarkeşlərə səslənib: “Həmişə olduğu kimi bizim yanımızda olsunlar. Biz də onlar üçün meydanda əlimizdən gələnin ən yaxşısını edəcəyik”.