İsmayıl Zülfüqarlı: "İstəsəm “Neftçi”də qala bilərdim" - MÜSAHİBƏ
14.07.2025 - 15:23
İsmayıl Zülfüqarlı: "İstəsəm “Neftçi”də qala bilərdim" - MÜSAHİBƏ

“Neftçi”dən ayrılan İsmayıl Zülfüqarlı Apasport.az saytına müsahibə verib.

- Ötən mövsümü icarə əsasında “Turan Tovuz”da keçirmişdin. Maraqlıdır, Kurban Berdiyev səni komandada görmək istəmədi, yoxsa təklif səni qane etmədi?
- “Turan Tovuz”la danışığımız olmadı. Ona görə bu haqda nəsə deyə bilmərəm. Artıq həmin mövqeyə də oyunçu gətiriblər. 

- Yeni mövsümün hazırlıqlarına “Neftçi”də başlamışdın. Yəqin ki, özün də bu komandada qalacağına inamın yüksək idi? Yoxsa, sezona orada başlamamaq ehtimalının olduğunu bilirdin?
- Mənim üçün ən önəmli məsələ daha çox oynamaq və inkişaf etməkdir. Baş məşqçi ilə danışıb bu qərara gəldik və sonrasında rəhbərliyə məlumat verdik. 

- “Neftçi”nin yetirməsisən. Yəqin ki, bu komandada qalmağı özün də istəyirdin. Səncə, Samir Abasov nəyə görə səni komandada saxlamaq istəmədi? Onun planlarına uyğun olmadığını özü sənə bildirdi?
- Planlarına uyğun olmadığımı birbaşa bildirmədi. Sadəcə mən daimi oynamaq istədiyimi söylədim. Bu mövzuda danışdıq və sonda klubdan ayrılmaq qərarına gəldim.

- Yeni mövsümə hansı klubda başlayacaqsan? Təkliflər var? Xaricə yollanmaq realdır?
- Bəli, təkliflərim var. Bu, həm ölkədaxilidir, həm də xaricdən. Ölkəxaricindən çox yaxşı təkliflər almışam. Sadəcə ailə vəziyyətinə uyğun olaraq, ora getməyim real deyil. 

- “Şəfa" məsələsi nə dərəcədə realdır? Mövsümə Birinci Liqada başlamaq istəyirsən?
- “Şəfa” komandasından bəli, təklif almışam. Danışığımız da olub. Klubun gələcəklə bağlı çox böyük planları var. Necə olacağı yaxın zamanda bilinəcək. 

- “Neftçi”də qalmamağında Premyer Liqada legioner limitinin tətbiq olunmamasının təsiri var? Onsuz da, yerli futbolçular buna görə narahat idi. Bu fakt yerlilərin klub tapmasına təsir edir?
Xeyr, bununla bağlı olacağını deməzdim. Çünki klubla müqaviləm var idi. İstəsəm “Neftçi”də qala bilərdim. Sadəcə bu, mənim gələcək planlarıma uyğun deyildi və buna görə oradan ayrıldım.