Misli Premyer Liqasının XXII turunun "Turan Tovuz" - "İmişli" matçından (0:0) sonra ev sahiblərinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:
"Bu gün qol imkanlarımız oldu. Sadəcə olaraq onları vura bilmədik. Rəqib bir dəfə də qapımıza zərbə vura bilmədi. Amma biz bu gün iki xalı itirdik".
- Coş Ginelli və İbrahima Vadjinin CV-si yaxşıdır. Onların meydanda sizə xeyir verməsi üçün nə qədər zamana ehtiyacı var?
- Məşqlərdə bunun üzərində işləyirik. Fikirləşirəm ki, oyunlarda problemi aradan qaldıracağıq.
- Qarşıda kubokda "Kəpəz" və çempionatda "Neftçi" ilə oyuna çıxacaqsınız. Qısa müddətdə iki ağır oyuna çıxmaq nə dərəcədə futbolçuları yora bilər?
- Futbolçuların fiziki vəziyyətləri qaneedicidir. Kubok matçına hazırlaşacağıq.
- Aleks Souzanı mövsümün sonuna qədər saxlayıb, daha sonra transferinə icazə vermək olmazdı?
- Xeyr, belə düşünmürük. Haqlı olaraq belə qərar vermişik.