"Qarabağ"ın "Nyukasl"a məğlubiyyəti faciə deyil".
Bu sözləri apasport.az saytına açıqlamasında veteran futbolçu Mahir Şükürov UEFA Çempionlar Liqasının "pley-off" mərhəlində baş tutan "Qarabağ" - "Nyukasl" oyununu (1:6) dəyərləndirərkən bildirib.
Millimizin sabiq üzvü İngiltərə təmsilçisinin Ağdam klubunu yaxşı analiz etdiyini vurğulayıb: "Doğrudur, hesabın bu qədər böyük olacağı gözlənilmirdi. Amma hər şeyə hazır olmaq lazımdır. Rəqib Premyer Liqa təmsilçisidir. Onların çempionatında yüksək temp, fiziki cəhətdən çətin oyunlar olur. İstənilən halda klub tam hazır gəlmişdi. "Nyukasl"ın baş məşqçisi də "köhlən atlar"ı çox yaxşı analiz etmişdi. Top "Qarabağ"ın aparıcı futbolçularında olanda dərhal pressinq tətbiq etməyə başlayırdılar. Futbolçularımıza oyunlarını göstərməyə imkan vermirdilər. "Qarabağ" birinci hissəyə nisbətən ikinci yarıda öz performansını göstərməyə başladı. Bunun nəticəsidir ki, qol vurmağı bacardılar".
Şükürov cavab oyununda azarkeş amilinə xüsusilə toxunub: "Cavab oyunu da çox çətin olacaq. Stadionun ağır atmosferi var. Bütün tribunalar azarkeşlə dolu olur. Təmsilçimiz sona qədər mübarizə aparmalı, məğlub olsa belə əzmkar mübarizə sərgiləməlidir".
Qeyd edək ki, tərəflər arasında cavab oyunu 25 fevral tarixində Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Murad Abdullazadə