"Neftçi" Samir Abasovla nail olduğu uğura yenidən imza atacaq”
09.08.2025 - 15:48
"Neftçi" Samir Abasovla nail olduğu uğura yenidən imza atacaq”

Azərbaycan millisinin sabiq forvardı, Qırğızıstanın “Abdış-Ata” klubuna keçən Mirabdulla Abbasov apasport.az saytına müsahibə verib.

- Qırğızıstanda işlərin necə gedir? Sənin üçün sıxıcı gələn nəsə var?
- Hər şey normaldır. Xeyr, əslində sıxıcı deyil. Paytaxtda qalıram. Məşq stadionlarımız da yaxındadır. Hər şey ürəyimcədir. 

- Qırğızıstan və Azərbaycan çempionatını necə müqayisə edərdin?
- Müqayisə etmək bir az çətindir. Burada rəqabət daha çoxdur. Təbii ki, "Qarabağ" kimi komandası yoxdur. Amma eyni səviyyədə olan komanda çoxdur. Buna görə də, Qırğızıstan çempionatı maraqlıdır. Turnir cədvəlinə baxsanız, görərsiz ki, 6 komandanın çempionluğa şansı var. Ümumiyyətlə, liqanın səviyyəsi məni qane edir. Hər şeydən razıyam və ürəyimcədir.

- Son turda Qırğızıstanda demək olar ki, "Azərbaycan derbisi" yaşandı. Orxan Əliyev və Dmitri Nağıyevin formasını geyindiyi "Ozgon" klubu ilə qarşılaşdınız. Necə hisslər idi?
- Əlbəttə, ölkəmizdən qıraqda olmağımızı nəzərə alsaq, tanış simaları görmək adamı çox sevindirir. Çox çətin oyun oldu, uşaqların adına çox sevinirəm ki, istər Orxan Əliyev, istər Dmitri Nağıyev komandanın aparıcı oyunçularına çevriliblər. Özü də, qısa zamanda. 

- Bəs, nəticə sizi razı saldı?
- İlk dövrədə matç komandamızın 5:2 hesablı qələbəsi ilə başa çatmışdı. Bu oyunda isə rəqibin 2-ci dəqiqədən 10 nəfərlə mübarizə aparmasına baxmayaraq, çox çətin bir qələbə qazandıq. Düzdür, müəyyən qədər bizim komanda meydanda özünə bənzəmirdi. Hakim amili də var idi. Belə təəssürat yaranırdı ki, ilk dəqiqədə rəqibə qırmızı vərəqə vermişdi deyə, hər epizodda qərarları bizim komandaya qarşı idi. Rəqib qapıçı hesab 0:0 olanda məni yıxdı, epizod birmənalı şəkildə, 100 faiz penalti idi. Təkrarı izləsəz özünüz də bundan əmin ola bilərsiz. Hər halda, komanda yoldaşlarımı göstərdiyimiz əzmkarlığa görə təbrik etmək istəyərdim. 
  
- Yeri gəlmişkən, yetirməsi olduğun "Neftçi" bu mövsüm iddialıdır. Səncə, çempionluq qazanacaqlar?
- “Neftçi” hər zaman mənim qəlbimdə xüsusi yerdədir. İnanıram ki, uğurlu sezon keçirib komandanı layiq olduğu yerlərə daşıya biləcəklər. “Neftçi”yə ürəkdən çempionluq arzu edirəm. İnanıram ki, “Neftçi” Samir Abasovla artıq bir dəfə nail olduğu uğura yenidən imza ata biləcək. “Neftçi” ailəsinə uğurlar.