Ötən günlərdə “məhəllələrarası futbol çempionatı keçirilərkən qurulan” U20 millimizin heyətində yeni təyinat baş tutub. AFFA bu vəzifəyə portuqaliyalı gənclərin Qurban Qurbanovu sayıla biləcək Rui Jorjenin gətirildiyini açıqlayıb. Məsələ çox danışılmadı, arada qaynadı, getdi.
Görünən odur ki, əsas millimizdən ümidini üzmüş futbol assosiasiyamız 2027-ci ildə ölkəmizin Özbəkistanla birgə ev sahibliyi edəcəyi dünya çempionatında U20 yığmamızın uğurlu nəticələr əldə etməsini istəyir, arzulayır.
Xarab saat belə gündə 2 dəfə doğru işləyir deyə məsəl var. Rui Jorjenin baş məşqçi təyinatı da federasiyanın yeni rəhbərliyinin indiyə qədər aldığı bəlkə də 2 düzgün qərarından biridir. O da hələ ki, kağız üstündə.
Qurban Qurbanov bənzətməsini boşuna demədim. 52 yaşlı mütəxəssis nə az, nə çox 15 il Portuqaliyanın 21 yaşadək futbolçularına rəhbərlik edib. Onun dövründə, cavan vaxtı yığmaya dəvət almış futbolçulardan bəziləri bunlardır: Joao Neveş, Fabio Silva, Pedro Neto, Fransisko Konseysao və s. Saydığım oyunçular 2023-cü ildə Avropa çempionatının 1/4 final mərhələsinə qədər irəliləyən heyətin üzvləri olublar və hazırda əsas milli komandanın tərkibində yer alıb, Avropanın ulduz oyunçularından sayılırlar.
Bu arada Jorjenin təyinatı bir daha yerli məşqçi bazamızın məğlubiyyəti oldu. İllərlə verilən fürsətləri hər oyun 5-6 qol buraxmaqla boşa verən “karusel” məşqçilərimizdən heç kim bu posta seçilmədi. Görünür, İlham Yadullayevlər, Elxan Abdullayevlərin illərdir yarıtmaz fəaliyyətinin ardınca AFFA haqlı olaraq yerli məşqçilərdən ümidi üzüb.
Bir tərəfdən də çox uzaq keçmişdə olmayan Fernandu Santuş təcrübəsi adamın gözünü qorxudur. Portuqaliyalı Avropa çempionunun dövründə də əlimiz bala batmamışdı. Gedişi də ayrı zülm. Santuşdan fərqli olaraq ən azından Jorjenin sistem məşqçisi olduğunu bilib, ümidimizi inamımızı şux saxlayırıq. Nə edək? Yerlisiylə eyni, əcnəbisiylə eyni...
Əlqərəz, arzu edək ki, bu adam doğru adam olar, sağına-soluna yaxşı mənada örnək olar, nəsə öyrədər. Kor nə istər? İki göz. Biri əyri, biri düz…