Premyer Liqa oyunları iki telekanalda yayımlanacaq
20.02.2026 - 15:35
Premyer Liqa oyunları iki telekanalda yayımlanacaq

Futbolun kütləviliyinin artırılmasını, dünyada bir nömrəli idman növünün daha geniş auditoriyaya çatdırılmasını və yayım keyfiyyətinin yüksəldilməsini hər zaman prioritet vəzifə hesab edən AFFA Azərbaycan Premyer Liqası oyunlarının iki telenakalda yayımlanacağını açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə ölkənin ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Misli Premyer Liqasının yayım coğrafiyasını genişləndirmək məqsədilə AFFA turnirin eksklüziv yayımçısı "CBC Sport" və ölkənin ilk idman telekanalı olan "İdman TV" rəhbərliyi ilə müzakirələr aparıb.

Danışıqların nəticəsi olaraq qərara alınıb ki, bu mövsümdən etibarən Misli Premyer Liqasının hər turundan bir qarşılaşma "CBC Sport"la paralel olaraq "İdman TV" vasitəsilə də canlı yayımlansın. Yeni əməkdaşlıq çərçivəsində ilk yayımın 22-ci turda keçiriləcək "Qarabağ" – "Sabah" matçı olması nəzərdə tutulur.

Danışıqların uğurla yekunlaşmasını və hər iki telekanalın məsələyə göstərdiyi həssas yanaşmanı yüksək qiymətləndirən AFFA rəhbərliyi həmkar tərəfdaşlarına təşəkkür edib.