“Qarabağ”ın 2026/2027 mövsümünə hazırlıq planı bəlli olub.
Apasport.az xəbər verir ki, sabah, iyunun 10-da Bakıda bir araya gələcək komanda hazırlığın ilk mərhələsini paytaxtda keçəcək. Bu mərhələ iyunun 22-dək davam edəcək.
“Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Komanda hazırlığın ikinci mərhələsini Tirol əyalətində keçirəcək. Avstriya toplanışı iyulun 2-dək davam edəcək.
Təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Komanda iyunun 27-də Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə qarşılaşacaq. Görüş yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 19:00) başlayacaq.
“Qarabağ” iyulun 1-də iki görüşə çıxacaq. Komanda toplanışda ikinci yoxlama matçını iyulun 1-də Ukraynanın “Metallist” komandasına qarşı keçirəcək. Oyun yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə saat 15:00) start götürəcək. Avstriya hazırlığında son rəqib "Ferentsvaroş" olacaq. Macarıstan təmsilçisi ilə qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.