Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qarabağ" "Sabah"la heç-heçə edib - 2:2.
Apasport.az xəbər verir ki, matçdan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
"Azarkeşlərə möhtəşəm atmosferə görə təşəkkür etmək istəyirəm. Düşünürəm ki, azarkeşlərə möhtəşəm oyun göstərdilər. Sürətli oyun alındı. Qarşımızda çox yaxşı kollektiv var idi. Sona qədər mübarizə aparan bir komandaya qarşı oynadıq. Bizə bu cür rəqibə qarşı oynamaq xoşdur. Son iki oyunumuz çox baxımlı iid. Cavab oyununda da əlimizdən gələni edəcəyik. Ondan öncə 2 gün sonra "Karvan-Yevlax"la çempionatda oyunumuz var, ona hazırlaşmalıyıq".
- Baş hakim təyinatından sonra çox müzakirə olundu. Siz bu barədə nə düşünürsünüz?
- Heç bir narahatlığım yoxdur. Müzakirə olunası bir mövzu deyil. Yəqin ki, son vaxtlar formda bir hakim idi. Ona görə də bu matça təyinat almışdı.
- Son vaxtlar adı "Sabah"la keçən Kaşuk meydanda çox az vaxt alır. Rəqabətdə mi uduzur, yoxsa...?
- "Sabah"la məsələsi yoxdur. Yəni bu barədə qarşı tərəfin bir planı var, yoxsa yox. Bilmirəm. Bizdə hələ ki belə bir düşüncə yoxdur. "Sabah"la son çempionat oyununda start heyətdə idi. Yetərincə zaman aldığını düşünürəm. Oyunundan tam razı qalmadığımız məqamlar var. Bunun üzərində çalışacağıq.
- Çempionat üçün kuboku, yaxud kubok üçün çempionatı qurban verməyə hazırsınızmı?
- Belə bir düşüncəmiz yoxdur. Biz həmişə iddialı olmuşuq hər iki turnirdə də. Olmayacaq, problem yoxdur. Azarkeşlər baxımlı futbol izləsinlər, biz uduzsaq da olar.
- Hər zaman çempionat oyunlarına azarkeşlərin az olması müzakirə mövzusu olub. Bu gün bu qədər azarkeşlərin olmasını nəzərə alsaq, "baxımlı futbola daha çox baxılır" deyə bilərikmi?
- İnanın ki, azarkeşlər hər dəfə oyuna bu cür maraq göstərsələr, baxımlı futbol görərlər. İstənilən rəqibə qarşı bu cür oyun görə bilərlər.
- Bu gün "Sabah"la demək olar ki, 70-75 dəqiqə oyun sürətli keçdi. Bu atmosfer sizə avrokubok matçını xatırlatdımı?
- Bəli xatırlatdı. Çox xoş oldu. Bəzi avrokubok matçlarından da daha çox azarkeş var idi. Baxımlı futbol izləmək çox xoşdur.
- Elvin Cəfərquliyevlə Zedadka arasında oyun zamanı bir mübahisə yarandı...
- Düzü epiozodu tam görmədim. Futbolda belə hallar normaldır. Bu cür mübahisələr futbolu bəzəyir. Futbol xarakter oyunudur. Mən ikisini barışdırmaq üçün cəhd etdim. Dambrauskasla da oyundan sonra söhbətimiz oldu. Biz onunla hər zaman oyundan öncə də, sonra da ancaq futbol barədə danışırıq. Futbolda baş verənlər elə orada da qalır. Futbolun da gözəlliyi budur.
- Yeni AFFA rəhbərliyinin 2 ili tamam oldu. Siz də, bu qurumda İcraiyyə Komitəsinin üzvüsünüz. Son 2 ildə görülən işlər barədə düşüncələriniz?
- Yeni fikir, ideya olanda onun nəticəsini görmək üçün zaman lazımdır. Yeni bir struktur varsa, önu görmək də maraqlı olur. Hər zaman yeni düşüncələr olur futbolumuzun inkişafı üçün. Qeyd etdiyim kimi, bunların nəticəsini görmək üçün zaman lazımdır.