Misli Premyer Liqasının XV turunun "Neftçi" - "Sumqayıt" matçından (2:2) sonra qonaqların məşqçisi Şahin Abdullayevin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:
"Oyunun 60-65 dəqiqəsi yaxşı keçmədi. Amma bizim də bəlli planımız var idi. “Neftçi”də oyun baxımdan eniş olacağını təxmin etmişdik. Ona görə bəzi futbolçuları ehtiyatda saxladıq, həmin anda meydana buraxdıq. Onların oyuna qoşulmasından sonra işlər plan üzrə getdi".
– Nadir Orucov və Aleksandr Ramalinqomun startda olmamasıbununla bağlı idi?
– Nadir oyunun ən yaxşılarından idi. Ehtiyatdan daxil olandan sonra özünü yaxşı tərəfdən göstərdi. Sadəcə təcrübə baxımından “Neftçi” kimi komandaya qarşı səfərdə çətinlik çəkər. Amma Ramalinqomu plan üzrə ehtiyatda saxlamışdıq.
– Ardıcıl üçüncü oyundur, texniki zonada aləm qarışır. Bu aqressiyanınsəbəbi nədir?
– Ötən oyunda köməkçi məşqçimiz aqressiya olmadan qırmızı vərəqə aldı. Rəqib oyunçular bizim texniki zonaya qaçmışdı. “İmişli”nin futbolçuları bizimlə mübahisəyə girdi. Ona görə qarışıqlıq düşmüşdü. Hansısa aqressiyanın olduğunu düşünmürəm. Bu gün də oyundan öncə demişdik ki, sakit qalaq.
– Saşa İliçin fasilədə əsas göstərişi nəoldu?
– İliç tapşırdı ki, top itkilərini azaldaq, topu saxlayaq. Ramalinqom və Ninkoviçdə oyuna daxil olandan sonra istədiklərimizi etdik.
– Mehdi Cənnətov ikinci oyundur, ehtiyatda qalır.
– Boynunda ağrılar var idi. Ona görə risk etmədik. Xəyal Fərzullayev də əvvəllər oynayıb, ötən oyunda da yaxşı təsir bağışladığı üçün fikirləşdik ki, bu matçüçün şansını qazanıb.
– Bu gün də yaxşı oynadığını demək olar?
– Pis təsir bağışlamadı. Növbəti oyunlar üçün qərarı baş məşqçi verəcək.