"Sumqayıt" ötən günlərdə Azərbaycan Kubokunda mübarizəni dayandırıb.
Apasport.az xəbər verir ki, komanda "Zirə"yə 0:2 hesabı ilə məğlub olub.
Nəticədən razı qalmayan "Komando Sumqayıt" azarkeş qrupu bəyanat yayıb. Bildirilib ki, klubun rəhbərliyi araşdırılmalıdır:
"Sumqayıt" Futbol Klubunun son illərdə düşdüyü vəziyyət artıq hamını ciddi şəkildə narahat edir. Bu klub böyük bir şəhəri təmsil edir, minlərlə insanın sevgisini və ümidini daşıyır. Lakin uzun müddətdir meydanda gördüyümüz mənzərə nə bu şəhərə, nə də bu klubun adına yaraşır.
İllərdir eyni rəhbərlik, illərdir eyni problemlər. Nəticə yoxdur, inkişaf görünmür, komanda gücləndirilmir və transfer siyasəti demək olar ki, mövcud deyil. Bu qədər müddət ərzində dəyişməyən tək şey isə uğursuzluqdur.
Ən böyük sual isə hamının ağlındadır: bu klubun büdcəsi və ayrılan vəsaitlər hara gedir?
Sumqayıt kimi bir şəhərin komandası niyə illərdir ciddi transferlər edə bilmir? Niyə komanda hər mövsüm eyni problemlərlə üzləşir?
Biz hesab edirik ki, "Sumqayıt" Futbol Klubunun rəhbərliyi və klubun maliyyə fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır. Klubun idarə olunması, büdcəsinin necə istifadə edilməsi və transfer siyasəti ilə bağlı ictimaiyyətə açıq və şəffaf məlumat verilməlidir.
Əgər illərdir nəticə yoxdursa, deməli dəyişiklik də qaçılmazdır. Bu klub bir neçə nəfərin şəxsi layihəsi deyil. Bu klub Sumqayıt şəhərinindir.
Buna görə də hesab edirik ki, klubda idarəetmə sistemi yenilənməli və Azərbaycan futbolunda klublar üçün açıq və şəffaf prezident seçkiləri sistemi tətbiq olunmalıdır. Klubların taleyi qapalı şəkildə deyil, açıq və məsuliyyətli şəkildə həll olunmalıdır.
Sumqayıt şəhəri və bu şəhərin komandası daha yaxşısına layiqdir.
Bu klubun gələcəyi üçün artıq ciddi dəyişikliklərin vaxtı çatıb".