Misli Premyer Liqasının XXVIII turunun "Zirə" - "Neftçi" matçından (1:1) sonra qonaqların köməkçi məşqçisi Vitali Vernidubun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bildirib:
"Yaxşı axşam oldu. Belə oyunlar Azərbaycan çempionatının səviyyəsini yüksəldir. Hər iki komanda intensiv oynayırdı, qapılara zərbələr gedirdi. Fiziki və taktiki güclü idilər, azarkeşlər üçün də maraqlı idi. Bu oyunda əksər hallarda dominantlıq etdik. Bəzi hallarda rəqib vəziyyəti bərabərləşirdi. Bizim oyunçular çox yaxşı oynadı. Onlardan gözləntilərimiz odur ki, "Neftçi"yə yaraşan səviyyədə hər zaman oyun sərgiləsinlər. Son dəqiqələrə gəldikdə, baxacağıq, araşdıracağıq, özümüz üçün nəticələr çıxaracağıq. Nə edək ki, vəziyyət bu yerə gəlib çatmasın".
- Buraxdığınız qol epizoduna baxdınız? Son dəqiqələrdə nə baş verdi?
- Hörmətlə yanaşıram. Son dəqiqələr haqda danışmaq istəmirəm.
- Vensan Abubakar yox, başqa, daha sürətli hücumçu meydana buraxmaq olmazdı?
- Bu cür də yanaşmaq olar. Amma biz istəyirdik ki, irəlidə topu saxlayaq, digərlərinə ötürmələr versin. Abubakarı buna görə meydana buraxmışdıq. Üstəlik, standart vəziyyətlərdə də bizə kömək edə bilərdi. "Zirə" bu durumlarda da yaxşıdır. Kim oynadısa, hamısı yüksək səviyədə oynadılar. Artırmaq istəyirlər.