"Xankəndi"nin kapitanı: Çempionluğa əsas namizədlərdən olacağıq
19.05.2026 - 16:15
"Xankəndi"nin kapitanı: Çempionluğa əsas namizədlərdən olacağıq

“Hər xırda detala peşəkar yanaşdıq”.

Bu sözləri “Apasport”a açıqlamasında “Xankəndi” futbol klubunun kapitanı Əziz Hüseynov deyib.

O, II Liqada qazanılan çempionluğun əsas səbəblərini bildirib: “Şükürlər olsun ki, layiqli çempionluq qazandıq. İlk gündən hədəfimiz yalnız qızıl medallar idi. Bunu bacardığımız üçün sevincliyik. Çempionluq üçün kifayət qədər yaxşı heyətimiz var idi. Bunun da səbəbi düzgün idarəetmə və strategiya oldu. Futbolu sevən, diqqət ayıran rəhbərliyimiz var. Onların planları daha böyükdür. “Xankəndi” olaraq hədəflərimiz yenilənir. Daha da böyüyüb qarşımıza Premyer Liqa məqsədi qoyacağıq. “Qaradağ Lökbatan”la son tura qədər gərgin mübarizə apardıq. Bu nüans çempionatın heç də asan olmadığını göstərir. Biz hər oyuna final matçı kimi yanaşdıq. İntizamımızı qəti pozmadıq. İndi isə bir qədər dincəlib I Liqaya hazırlaşacağıq. İnanıram ki, orada da çempionluğa əsas namizədlərdən olacağıq”.

Hüseynov ev oyunlarını doğma meydanda keçirmək istədiklərini vurğulayıb: “Ev oyunlarımızı Xankəndi şəhər stadionunda, doğma azarkeşlərimizin önündə keçirmək istəyirik. Bu, bizə əlavə motivasiya olacaq”.

Qeyd edək ki, "Xankəndi" II Liqada çempion olaraq I Liqaya vəsiqə qazanıb.