Misli Premyer Liqasının I turunda "Neftçi" "Sumqayıt"ı məğlub edib - 3:1.
Apasport.az xəbər verir ki, matçdan sonra "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidubun mətbuat konfransı keçirilib.
"Səfərdə oynayırdıq. Ötən mövsümdən "Sumqayıt"ın pis komanda olmadığını bilirdik. Heyətdə dəyişikliklər ediblər. Yoxlama oyununda "Şamaxı"nı məğlub ediblər. Həmin oyunda 4 müdafiəçi ilə çıxış etmişdilər. Bu gün isə 5 arxa xətt oyunçusu ilə çıxış edirdilər. Bunu oyunöncəsi məşq zamanı öyrəndik. Sxemlərinin necə olması bizim üçün önəmli deyil. Əsas olan öz oyun planımızdır. Bu dəfə oyunumuz alındı. 3 qol vurduq. Daha çox epizodumuz var idi, amma yararlana bilmədik. Belə bir qol buraxmamalı idik. Həm oyundan, həm də nəticədən razıyam. Önəmli olan odur ki, mövsümə qələbə ilə başladıq".
- Qravilyonun ehtiyatda qalma səbəbi nə ilə bağlıdır?
- O, universal futbolçudur. Komandaya yeni qoşulub. Adaptasiya prosesi üçün müddət lazımdır. Bu gün yeni transferlərdən ikisi - Tupta və Rüfət Abbasov start heyətdə idi.
- Sanki "Sumqayıt" 11 nəfərlə olarkən daha yaxşı çıxış edirdiniz...
- 1-2 epizodu çıxsaq, "Sumqayıt"ın ciddi təhlükə yaratdığını xatırlamıram. Biz əlimizə düşən şansları dəyərləndirsək, fərqli olacaqdı. Rəqib pis komanda deyil. Azərbaycan çempionatındakı komandalar demək olar ki, bərabər gücə malikdirlər. Ötən günlərdə keçirilən oyunlarda da bunu gördük.
- Aleksey Qutsulyakla danışıqlar apardığınız bildirilir? Bu, realdır?
- Mətbuatda belə xəbərlər yayılır, mən də görmüşəm. Başqa futbolçularla maraqlandığımız da yazılıb. Lakin bu barədə məlumatım yoxdur. Qutsulyak yaxşı futbolçudur. Ukrayna millisində çıxış edir. Sürət, driblinq və zərbələri çox yaxşıdır. Onun haqda düşüncələrim müsbətdir. "Neftçi"də oynamaq istəsə, imtina etməzdim.
- Moldova mətbuatında, "Şerif"lə anlaşdığınız bildirilirdi...
- Bu barədə məlumatım yoxdur. "Neftçi" ilə yeni müqavilə imzalamışam. Yaradılan şəraitdən razıyam. Böyük məbləğ də təklif etsələr, pulun arxasınca qaçan deyiləm. Pulu almağı yox, qazanmağı sevirəm.
- Kenan Piriç komandanı tərk edib və ya edəcək?
- Hazırda hamı komandadadır. Zədəsi olduğu üçün iştirak ərizəsində Piriçin adı yoxdur. Transfer işlərimizlə bağlı çalışmalar davam edir. Möhkəmlənməyə ehtiyacımız var. Bu, ağır prosesdir. Bəzən futbolçular qarşımıza elə şərtlər qoyurlar ki, razılaşmaq olmur. Yalnız pulu düşünən futbolçuların komandamızda olmasını istəmirik. Bu gün heyətimizdə yetərincə yerli futbolçu yer almışdı. Onlar üzərlərində çalışırlar, bunu haqq edirlər.