“Benfika”nın futbolçusu Canluka Prestianni UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Real”a qarşı keçiriləcək cavab oyununda iştirak etməyəcək.
Apasport.az xəbər verir ki, bu barədə UEFA qərar qəbul edib.
Argentinalı vinger Portuqaliyada baş tutan ilk matçda rəqib futbolçu Vinisius Juniora qarşı irqçi ifadə işlətməkdə ittiham olunur. Məsələ ilə bağlı araşdırma davam etdiyi üçün ali futbol qurumu 20 yaşlı oyunçuya müvəqqəti olaraq 1 oyunluq cəza verib.
Vinisius Junior Lissabonda keçirilən görüşdə Prestianninin ona “meymun” dediyini iddia edib. “Benfika”nın futbolçusu isə səsləndirilən ittihamı qəti şəkildə rədd edir.
Qeyd edək ki, “Real” – “Benfika” qarşılaşması fevralın 25-dən 26-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandalar arasında keçirilən ilk oyun İspaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.