“Qarabağ” FK-nın prezidenti Tahir Gözəlin brifinqi keçirilib.
“Apasport”un brifinqdə iştirak edən əməkdaşının məlumatına görə, klub prezidenti “Vestri” ilə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
“Bu gün “Qarabağ” çox gözəl oyun keçirdi. Üç qoldan ikisini yeni transferlər vurdu. Çox gözəl idi. Bilirsiniz, bu, ilk oyundur. İnanıram ki, komanda daha da güclənəcək. Hesab edirəm ki, bu qələbə həm də simvolik məna daşıyır.
“Qarabağ”ın sistemi düzgün icra etməsi vacibdir. Bu gün bəzi məqamlar alınmadı, qrafik də asan deyil. Amma hamımız başa düşürük ki, futbolçular böyük məsuliyyətlə çalışırlar. İnşallah, biz “Qarabağ”tarixində ən böyük uğurlardan birinə imza ata bilərik. Mən bunu hər dəfə deyirəm: bu il “Qarabağ” tarixi üçün çox uğurlu ola bilər.
Tahir Gözəl komandanın yenilənməsindən danışıb:
“Bəzən həyat insanı etməli olduğu addımlara məcbur edir. Bəzən özümüzə gəlmək, daha radikal qərarlar vermək lazım olur. Ola bilər ki, əvvəl bu qədər cəsarətimiz olmazdı. Mən hesab edirəm ki, insanın həyatında uğurlar qədər çətinliklər də ona kömək edir. Klub üçün də belədir. “Qarabağ” bu vəziyyətdən sonra daha güclü olacaq.
O, Kamilo Duranın “Seltik”ə transferindən söz açıb:
“Bizim üçün futbolçunu buraxmaq məsələsi təkcə maddi tərəflə bağlı deyil. “Qarabağ”ın hazırda bu pula ehtiyacı yoxdur. Bizdə elə futbolçu var ki, dünya futbolunda baş verən proseslərə uyğun olaraq onu saxlamaq asan deyil. Amma biz istəyirik ki, bizə gələn futbolçular gələcəkdə böyük futbolçular olsunlar. Onlar “Qarabağ”a gələndə bilməlidirlər ki, buradan İngiltərə liqasına, Avropa klublarına gedə bilərlər.
Biz düşündük ki, bu addımı atsaq, gələcəkdə daha güclü futbolçular “Qarabağ”a gəlmək istəyəcəklər. Getmək istəyən, düzgün qiymətləndirilən futbolçuların qarşısını kəsmək olmaz. Bu qərar həm də “Qarabağ”ın gələcəyi üçün dəyərli olmalıdır”.
Gözəl klubun akademiya üçün yeni torpaq sahəsi alması ilə bağlı şayiələrə də fikir bildirib:
“Hazırda elə bir şey yoxdur”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının I təsnifat mərhələsində “Vestri”ni məğlub edib - 3:0.