2 boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib
14.12.2025 - 21:13
2 boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

Apasport.az xəbər verir ki, mərhələnin son günündə Azərbaycan millisinin daha 2 idmançısı yarımfinala vəsiqəni təmin edib.

Gülər Hüseynova (48 kq) Maria Spennato (İtaliya) ilə döyüşüb. Boksçumuz rəqibinə ikinci raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinalda Serana Mali (İngiltərə) ilə üz-üzə gələcək.

Şahin Aslanov (60 kq) da 1/4 final döyüşünü də xeyrinə bitirib. O, bu dəfə İvaylo Kolevi (Bolqarıstan) məğlub edib – 4:1 (30:27, 30:27, 30:27, 30:27, 28:29). Boksçunuzun finala gedən yolda rəqibi Ceyson Maher (İrlandiya) olacaq.

Beləliklə, yarımfinalda iştiraklarını rəsmiləşdirməklə özləri üçün bürünc medalı təmin edən boksçularımızın sayı 4-ə yüksəlib. Daha öncə Qardaş Rəhimovla (46 kq) Şükar Əliyev (75 kq) də bu hüquqa yiyələniblər.

Qeyd edək ki, yarımfinal döyüşləri dekabrın 15-də olacaq.