Boks əfsanəsi Corc Forman vəfat edib
22.03.2025 - 11:46
Boks əfsanəsi Corc Forman vəfat edib

Boks üzrə keçmiş dünya çempionu Corc Forman 76 yaşında vəfat edib.

Apasport.az xəbər verir ki, ağır çəkidə döyüşən amerikalı martın 21-i həyata gözlərini yumub. 

Forman 1949-cu ildə ABŞ-də anadan olub, 1969-77-ci illərdə və 1987-97-ci illərdə ağır çəki dərəcəsində yarışıb. Amerikalı Dünya Boks Şurasının (WBC), Ümumdünya Boks Assosiasiyasının (WBA), Beynəlxalq Boks Federasiyasının (IBF) və Ümumdünya Boks Təşkilatının (WBO) çempionu olub.

O, iki dəfə "The Ring" jurnalı tərəfindən "İlin boksçusu" mükafatına layiq görülüb (1973, 1976). 1994-cü ildə 45 yaşında boks tarixində ən yaşlı dünya çempionu olub. 

Corc Forman karyerasının ilk məğlubiyyətini 1974-cü ildə yaşayıb. "Rumble in the Jungle"da boks tarixinin ən böyük əfsanəsi sayılan Məhəmməd Əliyə uduzub. 1977-ci ildə də Cim Yanqa uduzan Forman bundan sonra karyerasını başa vurub, amma 10 il sonra rinqlərə geri qayıdıb. 

 

Corc 1968-ci il Olimpiya Oyunlarında da qızıl medal qazanıb. Ümumilikdə, Forman peşəkar rinqdə 81 döyüş keçirib, onlardan 76-da qalib gəlib (68-i nokautla), beşində isə uduzub.