Zona birinciliyinin final mərhələsinin açılış mərasimi keçirilib
22.04.2025 - 17:58
Zona birinciliyinin final mərhələsinin açılış mərasimi keçirilib

Boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi açılış mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunan tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Mərasimdə çıxış edən Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov bildirib ki, Lənkəran və Şəkidə keçirilən zona birinciliklərinin ən güclüləri final mərhələsində mübarizə aparacaq. O, son illərdə Azərbaycan millilərinin beynəlxalq arenalarda uğurlu çıxışını qeyd edərək, məktəbli boksçulara da gələcəkdə titullarla zəngin karyera arzulayıb.

Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov isə final mərhələsinin nəticəsinə əsasən millinin heyətinin formalaşacağını, onların Avropa birinciliyində ölkəmizi təmsil edəcəyini deyib. O, həmçinin yarışın əhəmiyyətindən də söz açıb.

Qeyd edək ki, yarışda 50 komandanın 153 boksçusu gücünü yoxlayacaq. Final mərhələsi aprelin 26-da başa çatacaq. Final mərhələsi çərçivəsində, həmçinin qız boksçuların da seçim turniri olacaq. Mübarizəyə 30 idmançı qoşulacaq.