Dünya çempionatı: Daha 4 cüdoçumuz tatamiyə çıxacaq
07.10.2026 - 08:33
Dünya çempionatı: Daha 4 cüdoçumuz tatamiyə çıxacaq

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün dördüncü yarış gününün görüşləri keçiriləcək.

Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında Azərbaycan millisinin 4 üzvü tatamiyə çıxacaq. Təmsilçilərimiz qadınlarda -63 kq, kişilərdə isə -81 kq çəki dərəcəsində mübarizə aparacaqlar.

Qadınların -63 kq çəki dərəcəsində Hanna Zaytseva yarışa 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi Pey Çun Yuan (Çin Taypeyi) – Anna Kriza (Macarıstan) görüşünün qalibi olacaq.

Kişilərin -81 kq çəki dərəcəsində Vüsal Qələndərzadə mübarizəyə 1/32 finaldan qoşulacaq. O, ilk görüşündə Bolqarıstan təmsilçisi Hristo Valkovla üz-üzə gələcək.

Eyni çəkidə yarışan Zelim Tçkayev və Ömər Rəcəbli isə ilk görüşlərini 1/16 finalda keçirəcəklər. Tçkayev Timoti Meuvsen (Cənubi Afrika Respublikası) – Viktor Sterpu (Moldova) cütünün, Rəcəbli isə Sibqatullah Arab (IRT) – Mahamadu Dukara (Mali) qarşılaşmasının qalibi ilə görüşəcək.

Təsnifat mərhələsi saat 10:30-da, final bloku isə 18:00-da başlayacaq. Dünya çempionatının görüşləri “CBC Sport” və “Judo TV” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, mundial oktyabrın 11-də başa çatacaq. Azərbaycan yığması yarışda artıq bir qızıl medal qazanıb. Əhməd Yusifov -60 kq çəki dərəcəsində dünya çempionu olub.