Zelim Kotsoyev: "Mehriban Əliyevanın təbriki mənə əlavə motivasiya verdi"
24.05.2024 - 11:41
Zelim Kotsoyev: "Mehriban Əliyevanın təbriki mənə əlavə motivasiya verdi"

"Ötən il Avropa, bu il isə dünya çempionu oldum. Çox xoşbəxtəm ki, bizim himnimiz xaricdə səsləndi. Hər zaman çalışıram ki, ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edim". 

Apasport.az xəbər verir ki, bu sözləri Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatının qalibi Zelim Kotsoyev jurnalistlərə açıqlamasında bildirib.

İdmançının sözlərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Hidayət Heydərovu təbrik etməsi ona yüksək motivasiya verib: 

"Daima çempion olmaq arzusunda olmuşam. İndiyə qədər dünya çempionatında 2 bürünc medalım olub. Amma mənim şəxsi məşqçim Elxan Məmmədov hər zaman mənə motivasiya verirdi. Məni ruhlandırırdı ki, sən də dünya çempionu olacaqsan. Hidayət Heydərov çempion olduqdan sonra medalını mənə göstərdi. Dedi ki, bu realdır və bacarmaq olar. O mənə əlavə motivasiya verdi. Həm də ölkəmizin birinci xanımı Mehriban Əliyeva Hidayəti sosial mediada təbrik etmişdi. O şokda idi. Paylaşımı mənə də göstərdi. Bu, mənə yüksək motivasiya verdi. Cüdo Federasiyasının, Gənclər və İdman Nazirliyinin dəstəyini hər zaman hiss edirdik. Bütün məşqçi və tibb heyətinə ayrı-ayrılıqda təşəkkür edirəm. Bu qələbəni birlikdə qazandıq". 

0