Bakı beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək - İLK DƏFƏ
07.08.2026 - 10:18
Bakı beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək - İLK DƏFƏ

Bakıda ilk dəfə “Junior International Series” kateqoriyalı beynəlxalq badminton turniri keçiriləcək.

Apasport.az xəbər verir ki, avqustun 14-16-da təşkil olunacaq “Azerbaijan Junior Open 2026” yarışında Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, İran, Hindistan, Özbəkistan, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstandan badmintonçular mübarizə aparacaqlar.

Turnirin ümumi mükafat fondu 5 min ABŞ dolları (təxminən 8500 manat) təşkil edir.

Azərbaycan yarışda baş məşqçi Morteza Validarvinin rəhbərliyi altında 22 badmintonçu (13 qız, 9 oğlan) ilə təmsil olunacaq.

Beş kateqoriya üzrə keçiriləcək yarışlara avqustun 14-də saat 09:00-da start veriləcək. Turnir avqustun 16-da keçiriləcək final görüşləri ilə başa çatacaq.

Qeyd edək ki, yarışın baş hakimi yunanıstanlı Xristos Evangelidis olacaq.