Azərbaycan tamblinq gimnastları Portuqaliyanın Portimao şəhərində keçirilən batut, ikiqat mini-batut və tamblinq üzrə Avropa çempionatının birinci seçmə mərhələsində iştirak ediblər.
Apasport.az xəbər verir ki, Mixail Malkin 54.800 xalla, Tofiq Əliyev isə 54.700 xalla Avropa çempionatının final mərhələsinə vəsiqə qazanaraq müvafiq olaraq üçüncü və dördüncü yerləri tutublar.
Bu gün digər iki tamblinqçimiz Aleksey Karataşov və Adil Hacızadə də yarışsa da, final mərhələsinə yüksələ bilməyiblər.
Azərbaycan komandası isə komanda hesabında 84.200 xalla ikinci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb. Komandalar arasında Danimarka 85.400 xalla birinci, Böyük Britaniya isə 80.300 xalla üçüncü yerdə qərarlaşıb.