Azərbaycanı dünya çempionatında 23 güləşçi təmsil edəcək
20.10.2026 - 15:47
Azərbaycanı dünya çempionatında 23 güləşçi təmsil edəcək

Oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək böyüklər arasında dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilərin adları açıqlanıb.

Apasport.az xəbər verir ki, oktyabrın 19-da Azərbaycan Güləş Federasiyasının (AGF) təlim-məşq bazasında yunan-Roma güləşi üzrə milli komandanın yolasalma mərasimi keçirilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov, federasiyanın baş katibi Pərvin Piriyev iştirak ediblər. Görüşdə milli komandaya uğurlar arzulanıb və dünya çempionatında ölkəmizi təmsil edəcək idmançıların adları açıqlanıb.

Oktyabrın 20-də isə Quba Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə milli komandanın üzvləri ilə görüş keçirilib. Tədbirdə Namiq Abdullayev, Fərid Mansurov və Pərvin Piriyev iştirak edərək güləşçilərə uğurlar arzulayıblar.

Dünya çempionatında Azərbaycanı ümumilikdə 23 güləşçi təmsil edəcək.

İlk olaraq yunan-Roma güləşi üzrə millimiz mübarizəyə qoşulacaq. Baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov, Sabah Şəriəti, Rəsul Cəzini və Bəhruz Həzrətipurun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) xalça üzərinə çıxacaqlar.

Daha sonra qadın güləşçilərimiz mübarizəyə başlayacaqlar. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanova (65 kq) dünya çempionatında qüvvələrini sınayacaqlar.

Çempionatın son günlərində isə sərbəst güləşçilərimiz mübarizə aparacaqlar. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Arif Abdullayev, Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokayev (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Qarşılaşmalar “Barıs Arena”da keçiriləcək. Gündüz seansları Bakı vaxtı ilə saat 09:30-da, axşam seansları isə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, I-S dərəcəli referilərimiz Asif Şirəliyev və Sədi Quliyev də dünya çempionatında ədaləti qoruyacaqlar.