Lionel Messinin Həyatından 5 Ruhlandıran Hekayə
19.07.2024 - 15:30
Lionel Messinin Həyatından 5 Ruhlandıran Hekayə

Şübhəsiz ki, tarixin ən güclü futbolçularından biri olan Lionel Messinin karyerası ilə bağlı xüsusi və az bilinən hekayələr bütün futbol azarkeşləri üçün maraqlıdır.

Lionel Messi kimdir?

Lio Messi çətin uşaqlıq keçirib. Uşaqlıqda Messiyə “futbol oynaya bilməz” deyilsə də, hazırda dünyanın ən məşhur idmançılarından biridir. 

Lio Messi futbola necə başlayıb?

İstedadı və oyun tərzi ilə argentinalı keçmiş futbolçu Dieqo Maradonanın xələfi olaraq göstərilən Messi futbola hələ 5 yaşı olarkən başlayıb. Messi italyan əsilli bir ailənin dördüncü uşağı kimi dünyaya göz açıb. Fabrik işçisi olan atası Jorje Messi eyni zamanda “Qrandoli” adlı yerli futbol klubunun da məşqçisi idi. Atasının futbolun içərisində olması Messinin idman həyatına çox erkən başlamasına səbəb olub. 

1995-ci ildə “Nyuells Old Boys”a transfer olunan Messinin kariyerasının ilk klubu da məhz bura hesab olunur.

Lionel Messinin ilham verən hekayəsi

Kasıb ailədə dünyaya göz açan Messi iki böyük qardaşı və bir bacısı ilə birlikdə yaşayırdı. 

5 yaşında atasının çalışdığı komandadan 11 yaşında “Nyuells Old Boys”un aşağı yaş qrupuna transfer edildi. Tezliklə ona böyümə hormonu çatışmazlığı diaqnozu qoyuldu. Argentinanın köklü klublarından “River Pleyt” onun müalicəsini üzərinə götürmək istəsə də, aylıq 900 dollarlıq müalicə xərcləri onların bu transferdən imtina etməsinə səbəb oldu.

Qısa zaman keçdikdən sonra “Barselona”dan Lionelin həyatını dəyişəcək təklif gəldi. Beləcə, möhtəşəm karyeranın təməli qoyulmuş oldu. 

Lionel Messi və Antonela Rokuzzonun sevgi hekayəsi

Bəzi məşhurların münasibətləri, zamanın və şöhrətin sınağından keçə bilmir. Bəziləri yolun yarısından qayıtmalı olurlar. Lakin bu uğursuzluğu qırmağı bacaran cütlüklər də var.

Lionel Messi və Antonela Rokuzzo da illərdir yollarına davam edirlər. 

Messi kiçik yaşlarından futbolçu olmağı arzulayırdı, lakin müsahibələrində ən önəmli xəyalından bəhs etməyi sevmirdi. Bir gün otağında masa arxasına keçdi, kağız və qələm götürüb yazmağa başladı: “Antonela”...

Kiçik oğlan məktubunda həmin qıza sadəcə bir cümlə yazmışdı: “Bir gün səninlə nişanlanacağıq”. Bu, film kimi eşq hekayəsinin başlanğıcı idi.

Onlar ilk dəfə tanış olanda Lionun 9, Antonelanın 8 yaşı var idi. Qısa vaxtda dostlaşmışdılar.

Messi 11 yaşında olarkən “Barselona” həyatını kökündən dəyişdi. 2000-ci ildə İspaniyay getdi və həyat onu Antoneladan ayırmış oldu. Münasibətləri bir müddət davam etsə də, bu, ayrılığın başlanğıcı idi. Az-az görüşdükləri üçün bir-birilərini unutmağa başlamışdılar. Necə deyərlər, gözdən uzaq olan könüldən də uzaq olar. 

2005-ci ildə baş verən dəhşətli hadisə onları yenidən yaxınlaşdırdı. Antonelanın yaxın dostu yol qəzasında həyatını itirdi. 17 yaşlı qız psixoloji cəhətdən alt-üst olmuşdu. Ciddi depressiyada olduğu üçün günlərlə məktəbə getmədi. Bu dəhşətli xəbəri alan Messi Antonelaya dəstək olmaq üçün dərhal ölkəsinə qayıtdı. 

Elə o vaxtdan münasibətləri ikinci şansı qazanmış oldu. Messi və Rokuzzo bir-birilərinə olan dərin və saf duyğularını etiraf etdilər, amma münasibətlərini bir müddət gizli davam etdirdilər.

Messi bu birlikdəlik barədə ilk dəfə 2009-cu ildə verdiyi bir müsahibə zamanı danışdı. İndi onların 3 övladları var: Tyaqo, Mateo və Çiro. Lionel Antonelanın ilk hamiləliyi qeyd etmək üçün 2012-ci ildə keçirilən Argentina – Ekvador görüşündə vurduğu qoldan sonra qolu topu formasının altına salaraq qeyd etmişdi. Həmin oyunda argentinalılar rəqib qapısından 4 cavabsız top keçirmişdilər.

Cütlük 2017-ci ildə Rozariodakı “Hotel City Center” adlı lyuks oteldə evləndi.

Həyatlarının böyük bir hissəsində bir-birilərinə aşiq olan bu cütlüyü yaşadıqları çətinliklər daha da gücləndirib. Messi nə qədər uğursuzluqla üzləşsə belə, Rokuzzo hər zaman onun yanında olacaq və pis gündə də, yaxşı gündə olduğu kimi dəstəkləyəcək.

Messinin “Barselona”dakı ilk günləri

Lionel Rozariodan yola çıxıb Barselonada İnfantil B komandasına qoşulanda heç kimə “salam” belə, verə bilməyəcək qədər utancaq idi. Həmin dövr komandada müdafiəçi kimi çıxış etmiş Robert Franç xatırlayır:

“Barselona”dakı gənc komandalarda komandaya yeni qoşulanlara həmişə eyni sualı verirlər: Hansı mövqedə oynayırsan? 2002-ci ilin fevralında Rodolf Borrell bütün komandanın önündə bu sualı Messiyə ünvanlayıb. Messi mızıldanaraq “hücumda” deyib və bir küncə keçib səssiz oturub”.

Borrell komandadakı digər oyunçulara Messi haqqında “çox uzaqlardan gələn və xüsusi bir 10 nömrə” sözlərini deyib. Həmin dövrdə “La Masia”ya bu qədər uzaqdan qoşulan çox az uşaq var idi. Argentinalı hələ topa toxunmadan digərlərindən fərqli statusa yiyələnmişdi. 

İnfantil B komandası ilə çıxdığı ilk məşqdə məşqçi Messini hücumda Sesk Fabreqasla birgə oynadır. Valiente deyir ki, bu təsadüfi verilmiş qərar deyildi. Fabreqas çox istedadlı idi, oyunu əsl peşəkar kimi oxumağı bacarırdı.

Həmin gün futbolçular əvvəllər şahid olmadıqları bir şeyə şahidlik edəcəkdilər.

Valiente deyir:

“Bizə hər zaman bir və ya iki toxunuşla oynamağı öyrədiblər. Hələ kiçik yaşlardan topla rəftarı və ötürmələrlə onu özümüzdə saxlamağı öyrənmişik. Məqsəd topu sürətli hərəkət etdirmək idi. Bir də gördük ki, biz ötürməni verənə kimi topla birlikdə inanılmaz sürətlə hərəkət edən bir nəfər var”. 

Təbii ki, Valiente Messini nəzərdə tutur. İstənilən halda, Messinin nələr edə biləcəyini həqiqi bir matçda görməli idilər. Tələsmək lazım idi, çünki Messi növbəti iki oyunda oynamamış olsaydı, 18 yaşına çıxana qədər meydana çıxa bilməyəcəkdi. Qaydalar bunu tələb edirdi.

Messi ilk oyununa “Amposta” qarşısında çıxdı və bir qol vurdu. Lakin bundan cəmi 1 həftə qabaq karyerası təhlükə altına düşmüşdü. “Tortosa”ya qarşı oyunda fibula qırılması ilə zədələnmişdi. Futbol karyerası ərzində yaşadığı yeganə sınıq zədəsi bu idi. Bu zədə səbəbilə İnfantil B komandasında bir də oynamadı.

Lio zədəni sağaltdıqdan sonra A komandasına qoşuldu. Bu komandadakı karyerası da uzun çəkmədi, çünki onu qısa müddətdə Çadete B komandasına yüksəltdilər. Bu kateqoriyaya 16 yaşa qədər olan uşaqlar daxil idi. Messi əsas təsirini də elə məhz burda hiss etdirdi.

Həmin dövrdə onun komanda yoldaşı olmuş Pau Torras xatırlayır:

“Məşqə gəlib, səssiz-səmirsiz etdikləri ilə ağzımızı açıq qoyub, evinə qayıdardı. Bunların hamısı onun təbii bacarıqları idi”.

Lionel Messi və Lamin Yamal

Futbolun əfsanələrindən olan Lionel Messi ilə kiçik Lamin Yamalın birlikdə olduğu 2007-ci il tarixli şəkillər son zamanlar gündəmdən düşmür. Bəs bu şəkillərin arxasındakı hekayə nədir?

2007-ci ildə UNICEF üçün kamera qarşısına keçən Lionel o vaxt 20 yaşında idi. Bir gün tarixin ən yaxşılarından birinə çevriləcək argentinalı ulduz yeni-yeni məşhurluq qazanırdı.

“Associated Press”in Barselona mərkəzli azad fotoqrafı Joan Monfort tərəfindən çəkilən şəkillərdə Messi balaca bir uşağı qucağında tutarkən görünür.

Həmin uşaq bir neçə gün əvvəl 17 yaşına qədəm qoyan və AVRO-2024-ün “Ən yaxşı gənc futbolçusu” seçilən ispan futbolçu Lamin Yamal idi.

Yamal Almaniyada keçirilən turnirin yarımfinalında Fransaya vurduğu qolla turnir tarixinin “qol vuran ən gənc futbolçusu” oldu. Yamalın qolu komandasına finala yüksəlməkdə böyük kömək etdi.

İki futbolçunun şəkli Yamalın atası Munir Nasraui tərəfindən “İnstagram”da “iki əfsanənin başlanğıcı” başlığı ilə paylaşıldıqdan sonra diqqət çəkdi.

Messi kimi Yamal da “La Masia” yetirməsidir. “Barselona”da ilk rəsmi matçına 2023-cü ilin aprelində çıxıb. Yaşı ilə əlaqəli müxtəlif rekordlar qırmağı bacarıb. Messi ilk oyununa çıxanda 18 yaşı var idi və hazırda “Barselona”nın ən çox qol vuran futbolçusudur.

Joan Monfort deyir:

“UNICEF Laminin ailəsinin yaşadığı Matarodakı Roka Fonda məhəlləsində püşkatma təşkil etdi. Püşkün qalibi “Kamp Nou”da bir “Barselona” futbolçusu ilə şəkil çəkdirmək şansı qazanacaqdı. Ailənin şansı gətirdi və qalib oldu. 

Başlanğıcda Messi uşağı necə tutacağını belə, bilmirdi. O, çox introvert adamdır, utancaqdır. Soyunub-geyinmə otağından çıxırdı, bir anda içi su ilə dolu plastik vanna və içində balaca uşaqla başqa bir otağa düşdü. Qarışıq vəziyyət idi”.

Monfort deyir ki, yalnız şəkillər viral olduqdan sonra uşağın Yamal olduğunun fərqinə varıb. 

Lionel Messinin futbolla tanış olma hekayəsi

Argentinalı ulduz hələ uşaq yaşlarından şiddətli rəqabətin içinə düşmüşdü. Qohumu Maksi Biankuççi Messinin kiçik yaşlarından etibarən boyunun kiçik olması ilə necə mübarizə apardığına dair maraqlı məlumatlar verib:

“Məhəllədə oynayarkən fiziki cəhətdən ondan çox üstün idik. Digər uşaqlar deyirdilər ki, onu oyundan çıxarın, yoxsa öldürəcəyik. Messini vururdular, o isə buna dözürdü.

8-9 yaşında olarkən şənbə günləri onun oyununu izləmək üçün tezdən oyanardım. Çox təsiredici hərəkətlər edirdi, inana bilmirdim”.

Maksinin ən böyük arzusu Lioneli “Nyuells Old Boys”da görməkdir. Messi özü də dəfələrlə bu barədə düşündüyünü deyib, lakin onun üçün ailəsinin rahatlığı ən vacib məsələdir.

 
   


 

0