Ronaldinyo Kimdir? Futbolun Gülən Üzü və Sehrbazı
24.07.2024 - 12:26
Ronaldinyo Kimdir? Futbolun Gülən Üzü və Sehrbazı

Ronaldinyo kimdir?

Ronaldinyonun əsl adı Ronaldo de Assis Moreyradır. 21 mart 1980-ci ildə dünyaya gələn Ronaldinyo karyerasının böyük hissəsini hücumameyilli yarımmüdafiəçi mövqeyində keçirib.

Ronaldinyo professional futbol karyerasına 1998-ci ildə “Qremio”da başlayıb. 20 yaşında “PSJ” ilə müqavilə imzalayıb. 2003-cü ildə “Barselona”ya keçib. “Barselona”dakı ikinci ilində FİFA Dünyada İlin Futbolçusu mükafatını və La Liqa çempionluğunu qazanıb. Növbəti mövsümlərdə komandası ilə Çempionlar Liqası qalibiyyəti də yaşayıb.

“El Klasiko”da vurduğu iki qolla 1983-cü ildə Dieqo Maradonadan sonra “Santyaqo Bernabeu”da “Real Madrid” azarkeşləri tərəfindən alqışlanan ikinci “Barselona” futbolçusu oldu. Bu dövrdə Ronaldinyo “Qızıl top” qazanmaqla yanaşı, ikinci dəfə Dünyada İlin Futbolçusu seçildi.

2007-2008-ci illər mövsümündə zədələndi, mövsümün sonunda “Milan”a keçdi. 2011-ci ildə “Flamenqo” ilə razılaşaraq ölkəsinə qayıtdı. Sonrakı illərdə “Atletiko Mineyro”, “Queretaro”, “Fluminense” klublarının formasını geyindi.

Ronaldinyonun ailəsi

Ronaldinyonun Janayna Mendezlə evliliyindən Joao de Assis Moreyra adlı bir oğlan övladı var.

Ronaldinyonun neçə yaxşı var?

1980-ci il doğumlu əfsanəvi futbolçunun hazırda 44 yaşı var.

Ronaldinyo karyerasını neçə yaşında bitirib?

Braziliyalı əfsanə karyerası ərzində “Qremio”, “PSJ”, “Barselona”, “Milan”, “Flamenqo”, “Atletiko Mineyro”, “Queretaro”, “Fluminense” komandalarında oynayıb. 2015-ci ildə 37 yaşında karyerasını sonlandırıb.

Ronaldinyo neçə qol vurub?

Braziliya millisində 97 oyuna çıxan Ronaldinyo 33 qol vurub. Klub karyerasında isə 529 rəsmi oyuna çıxıb, 196 qol və 161 asistlə yadda qalıb.

Futbolun zirvəsindən ən dibə

Bir vaxtlar Ronaldinyo futbolun zirvəsində idi. Azarkeşlər onu izləyəcəkləri hər oyundan əvvəl həyəcanlanırdı. Meydanda inanılmaz hərəkətlər sərgiləyirdi, onu dayandırmaq mümkünsüz görünürdü. Heyif ki, braziliyalı ulduz bəzi şeyləri düz eləmirdi. Meydandan kənardakı çalxantılı həyatı onu meydanda da geri salmağa başladı. Bu drammatik hekayə müflis, saxta passportlar və nəhayət, həbsxanaya qədər getdi.

Əlləri qandallı olsa belə, o məşhur gülüşünü üzündən əksik eləmədi, lakin içində bir şeylərin bitdiyi bəlli idi. 

“Barselona”da olarkən Messinin yüksəlişi Ronaldinyo ilə gələn uğurların artıq tarixə qovuşacağı mənasına gəlirdi. Həmin dövr katalonların formasını geyinən Aleksandr Qleb xatırlayır ki, Ronaldinyo və Deko məşqlərə sərxoş çıxmağa başlayıb. “Barselona” rəhbərliyi onların Lionel Messiyə pis örnək olmasını istəmədiyi üçün satış qərarı aldı.

Ronaldinyonun fiziki çöküşü onsuz da, başlamışdı və gözlə görünürdü. Messi isə etdiyi möhtəşəm hərəkətlərlə hər kəsi heyran qoyurdu. Klub təcili satış qərarı aldı. “Mançester Siti”nin təklifi qəbul edildi, lakin Ronaldinyo ingilisləri istəmədi. Təxminən 30 milyon avroya “Milan”a getdi. Onu 40 min insan qarşıladı. İtaliyadakı iki sezonu qarmaqarışıq keçdi. “Yuventus”dan əvvəlki son çempionluğun qazanan tərəfdə idi, amma performansı dalğalı idi. 95 oyunda 26 qol vura bildi. Buna baxmayaraq, zirvədən uzaq olduğu aşkar idi.

Həm dövr “Milan”a rəhbərlik edən Karlo Ançelotti deyir:

“Ronaldinyonun çöküşü məni təəccübləndirmədi. Fiziki cəhətdən heç də istənilən vəziyyətdə deyildi. Təbii ki, hər şeyə rəğmən, yenə də inanılmaz istedada malik idi”. “Milan”dakı iki mövsümün ardından Ronaldinyoya İtaliyadan ayrılıq yolu göründü.

Qəribədir ki, ilk və ən cazibədar təklif “Blekbörn Rovers”dən gəldi. “Blekbörn”ü yenicə alan Anuradha Deşai illik 10 milyon maaş təklif etdi. Lakin Ronaldinyo gerçəklərin fərqində idi. Avropada işinin bitdiyini qəbul etdi və Braziliyaya, doğma evinə qayıtdı. “Flaminqo” ilə yaşadığı dövr də qarmaşıq alındı. “Santos”u 5:4 hesabı ilə məğlub etdikləri oyun yaxşı oynadığı tək matç ola bilər. 4 maaşını ala bilmədiyi üçün ordan da ayrıldı.

Yolu “Atletiko Mineyro”ya düşmüşdü 2 ildə 3 kubok qaldırdı. 2015-ci ildə Meksikanın “Queretaro” klubuna getdi. 35 yaşına çatmışdı və artıq oynamaqda çətinlik çəkirdi. Bütün təsiri bitmişdi, istedad bəs eləmirdi. Özünü futzalda, hətta masa tennisi-futbol qarışığı bir oyun olan teqbolda yoxladı, amma alınmadı.

Özünə dünyanın müxtəlif yerlərində klub axtardı. Bir ara yolu İstanbula düşdü və “Beşiktaş”la adı çəkilməyə başlandı. Sonralar “Antalyaspor”la belə, görüşlər həyata keçirdi. Lakin Ronaldinyo futbola və bacarıqlarına xəyanət etmişdi. Əsl çöküş isə hələ yeni başlayırdı.

Ronaldinyonun qanunlarla yaşadığı problemlər

Qanunlarla arası ilk dəfə 2015-ci ildə pozuldu. Passportda saxtakarlıq edən və həbs edilən Ronaldinyo 2 milyon avroya yaxın cəza aldı. Daha sonra Porto Aleqredəki göl evində ərazi qanunlarına riayət etmədi. Buradan 250 min avroluq cəza aldı. Qanun pozuntuları artdıqca hökumət futbolçunun 57 evinə və ərazilərinə əl qoydu. Banklara yüksək məbləğdə borcu olduğu meydana çıxdı. Bütün satışlara rəğmən, 2.5 milyona qədər borcu hələ qalmışdı.

Ronaldinyonun banklarla mübarizəsi bitəndə bank hesabında cəmi 30 Braziliya Realı  qalmışdı. Hətta bu da onun ən dibə düşdüyü məqam deyildi. Bir vaxtlar qlobal markalarla 6-7 sıfırlı imic razılaşmaları imzalayan ulduzun cibində sadəcə bir taksipulu qalmışdı. Ronaldinyonu təmsil edən qardaşı Roberto başqa qanun pozuntuları səbəbiylə də polislərlə əlaqədə idi.

Eyni ayda iki fərqli qadınla iki fərqli ölkədə evlənməsi, illeqal hərəkətləri bu skandalların bir parçası idi. “Barselona” 2018-ci ildə Ronaldinyonun vəziyyəti ilə maraqlandı və yardım əli uzatdı. Bu köməklər Paraqvayda həbs həyatı başladıqda da davam etdi. “Barselona” Paraqvayın dövlət rəsmiləri ilə əlaqəyə keçərək onun həbsdən azad edilməsi üçün lazım olan məbləği ödəmək istədi, onların təklifi məhdud çərçivədə qəbul edildi. Cəzası 8 apreldə ev həbsinə çevrildi. 

Ronaldinyonun vəkili Adolfo Marin deyir:

“Ronaldinyo çox lazımsız hərəkətlər etdi. Məhkəmədə belə, etdiyi şeyin məsuliyyətini üzərindən atmağa çalışdı. Səhvlər etdi, lakin boynuna almadı. Saxta passport istifadə etdiyi üçün qanunu pozacağını düşünməyib. Sənədlərdə saxtakarlığa yol verməyin həbs cəzası ilə nəticələnə biləcəyini həqiqətən bilmirdi”.


 

0