
Futbol dünyasının fenomeni Lionel Messi bu gün 38 yaşını qeyd edir. 1987-ci il iyunun 24-də Argentinanın Rosario şəhərində doğulan "La Pulga" (Milçək) ləqəbli ulduz, bir neçə nəslin idman qəhrəmanına çevrilib.
Rosariodan dünya zirvəsinə
Messi futbol həyatına "Nyuels Old Boys" akademiyasında başlayıb. Cəmi 13 yaşında İspaniyaya köçərək "Barselona"nın "La Masia" akademiyasında formalaşıb. 2004-cü ildə əsas heyətdə debüt etdikdən sonra 17 illik "Barselona" karyerasında 778 oyuna çıxaraq 672 qol vurub.
Tarixi uğurlar
Messi klub səviyyəsində 40-dan çox titul, milli komanda ilə isə dünya çempionluğu (2022), iki dəfə Kopa Amerika (2021 və 2024), Finalissima (2022) və Olimpiya qızılı (2008) qazanıb. 8 dəfə "Ballon d'Or" (Qızıl top) sahibi olan Lionel bu sahədə də dünya rekorduna sahib çıxıb.
ABŞ macərası və son dönəm
2023-cü ildən etibarən Messi "İnter Mayami" formasını geyinir. MLS-də performansı ilə diqqət çəkən ulduz futbolçu, həm meydandakı oyunu, həm də MLS-ə gətirdiyi diqqətlə Amerika futboluna yeni nəfəs verib. Onun müqaviləsi 2025-ci ilin sonuna qədər davam edir.
Sosial mediada doğum günü dalğası
Messinin doğum günü ilə bağlı dünyanın dörd bir yanından təbriklər yağır. FIFA, UEFA, "Barselona", "İnter Mayami", Argentina Futbol Federasiyası və minlərlə azarkeş sosial mediada Messi üçün xüsusi paylaşımlar edib.
Azarkeşlərdən biri yazıb: “Sən təkcə futbolçu deyilsən, sən erasın adısan, Messi.”
Messi 38 yaşını ailəsi ilə birlikdə Mayamidə qeyd edib.
Tarixdə bu gün Messi doğuldu. Və futbol sonsuza qədər dəyişdi...