Millimizin baş məşqçisi: “Bu nəticə Azərbaycan taekvondosu üçün böyük uğurdur”
31.10.2025 - 18:24
Millimizin baş məşqçisi: “Bu nəticə Azərbaycan taekvondosu üçün böyük uğurdur”

Qaşim Maqomedovun dünya çempionatında bürünc medal qazanması Azərbaycan taekvondosu üçün böyük uğurdur.

Apasport.az xəbər verir ki, bunu taekvondo üzrə milli komandanın baş məşqçisi Məmməd Abdullayev deyib.

“Bu yarış iki ildən bir keçirilən Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. İstərdik ki, iştirak edən 9 idmançımızın hər biri medal qazanaraq ölkəmizi sevindirsin. Qaşimi qızıl medaldan ayıran cəmi beş saniyə oldu. O anda diqqətsizlik rəqibin finala yüksəlməsinə səbəb oldu. Amma mövcud nəticəyə görə sevinməliyik”, – deyə baş məşqçi bildirib.

Qeyd edək ki, milli komandamızın üzvlərindən Qaşim Maqomedov dünya çempionatında bürünc medal qazanıb. Azərbaycan turnirdə 9 taekvondoçu ilə təmsil olunub.