Millinin baş məşqçisi: "Avropada qazandığımız qələbəni şəhidlərimizə həsr etdik"
12.11.2025 - 16:09
Millinin baş məşqçisi: "Avropada qazandığımız qələbəni şəhidlərimizə həsr etdik"

"Bütün Azərbaycan xalqını, taekvondo ailəsini və uşaqlardan ibarət Azərbaycan millisini təbrik edirəm".

Bunu apasport.az-a açıqlamasında taekvondo üzrə kiçik yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi İlkin Şahbazov deyib. 

Mütəxəssis milli komandamızın Avropada qazandığı kuboku şəhidlərimizə həsr etdiyini söyləyib: 

"Biz yarışlara gedəndə noyabrın 8-i idi. Yarışlara isə 9-dan başladıq. Turnirdə iştirak edənlər uşaqlar olsa da, vətənpərvərlik ruhu yüksək səviyyədə idi. Uşaqların hər biri qızıl medalı qazanmaq, onu şəhidlərimizə həsr etmək istəyirdilər. Elə də oldu. Uşaqlar sona qədər mübarizə apardılar. Yarımfinal və ya finalda məğlub olanda uşaqlar ağlayırdılar və bizim əlimizdən nəsə gəlmirdi. Çünki turnirə yollanan hər bir təmsilçimiz qızıla köklənmişdi. Komanda olaraq kuboku qazanmağımız da uduzanlar üçün təsəlli oldu. Medal qazana bilməyən, finalda uduzan hər bir təmsilçimizin bu kuboku qazanmağımızda payı var. Balacadan böyüyə hər kəsin. Biz də bu qələbəni şəhidlərimizə, Zəfər Gününə və Bayraq gününə həsr etdik".

Qeyd edək ki, Azərbaycan taekvondoçuları Avropa birinciliyini 5 qızıl, 5 gümüş və 5 bürünc medalla başa vurublar.