Niyaməddin Paşayev: “İdmançıların əsas hədəfi yığmaya düşməkdir”
26.12.2025 - 15:27
Niyaməddin Paşayev: “İdmançıların əsas hədəfi yığmaya düşməkdir”

“Gənclər və böyüklər arasında keçirilən ölkə birinciliyində ümumilikdə 436 idmançı iştirak edir”.

Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib.

“Burada yeniyetmə və gənclər arasında Avropa və dünya çempionatlarında mükafatçılar sırasında yer almış idmançılarımız medallar uğrunda mübarizə aparırlar. Bu yarışda çıxış edən idmançıların əsas məqsədi qalib gələrək yığma komandanın heyətinə düşməkdir. Bu idmandır – şanslı və güclü olan qalib olur".

Niyaməddin Paşayev federasiyanın gələcək planlarından da söz açıb: "Federasiya olaraq əsas məqsədlərimizdən biri 2026-cı ildə gənclər arasında keçiriləcək dünya çempionatı və Olimpiya Oyunlarıdır. May ayında təşkil olunacaq həmin yarışlara hazırlıqlara yanvarın 5-dən start veriləcək.

Gələn il üçün isə böyüklər arasında Avropa çempionatı, dörd Qran-Pri yarışı və Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlər nəzərdə tutulub. Komandamız bu yarışlarda Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün bütün imkanlarını səfərbər edəcək”.

Qeyd edək ki, dekabrın 24-də start götürən ölkə birinciliyinə dekabrın 27-də yekun vurulacaq.