Taekvondo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub - FOTO
24.09.2026 - 20:35
Taekvondo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub - FOTO

Taekvondo üzrə uşaqlar arasında ölkə birinciliyi və 16–21 yaşlı idmançılar arasında ölkə çempionatı başa çatıb.

Apasport.az xəbər verir ki, sentyabrın 21-dən 24-dək Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda (FHN İSK) keçirilən yarışda Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən klubların taekvondoçuları iştirak ediblər.

İlk üç gündə uşaqlar arasında ölkə birinciliyi keçirilib. 2015–2017-ci il təvəllüdlü 403 idmançı (310 oğlan, 93 qız) 72 klubun heyətində mübarizə aparıb. Oğlan və qızlar 10 çəki dərəcəsində qüvvələrini sınayıblar.

Sentyabrın 24-də isə 16–21 yaşlılar arasında ölkə çempionatı keçirilib. 34 klubdan 98 taekvondoçu (60 kişi, 38 qadın) 16 çəki dərəcəsində mübarizə aparıb.

Yarışların yekununda ümumi komanda hesabında FHN İSK birinci, 1 saylı UGİŞM – Gəncə ikinci, “Fighter” TK üçüncü, “Fərasət” TK dördüncü, “Uğur” TK isə beşinci yeri tutub. İlk beşlikdə qərarlaşan komandalar kubokla təltif olunublar.

Qeyd edək ki, taekvondo üzrə yarışlar sentyabrın 25-də FHN İSK-da keçiriləcək “Koreya Səfiri Kuboku” ilə davam edəcək. Birgünlük turnirdə 48 klubdan 164 taekvondoçu (93 oğlan, 71 qız) iştirak edəcək. 2009–2011-ci il təvəllüdlü idmançılar oğlanlar arasında 5, qızlar arasında isə 5 çəki dərəcəsində mübarizə aparacaqlar.