
Avropa birinciliyində uğurla çıxış etmiş atletlərimiz vətənə qayıdıblar.
Apasport.az xəbər verir ki, İspaniyada keçirilmiş U 15 və yeniyetmələrin Avropa birinciliyində uğurla çıxış edən atletlərimiz vətənə qayıdıblar.
Yığma komandamızın baş məqşçisi Maxtı Makkaev, eləcə də Avropa birinciliyinin qalib və mükafatçıları hava limanında jurnalistlərin suallarını cavablandırıblar.
Avropa birinciliyinin qalibi Musab Məmmədtağıyev:
“Mənim üçün uğurlu bir yarış oldu. İspaniyaya qızıl medal qazanmaq üçün getmişdim və sevinirəm ki, bunu bacardım. İlk növbədə federasiya rəhbərliyinə və məşqçilərimizə minnətdarlığımı bildirmək istəyirəm. Onların güvəni və zəhməti sayəsində məqsədimizə çatdıq. İrəlidə bizi daha gərgin yarışlar gözləyir. Hədəfimiz dəyişmir, hansı yarış olursa olsun bayrağımızı dalğalandırmağa çalışacam.”
Avropa çempionatının gümüş mükafatçısı Lətif Əliyev:
“Avropa birinciliyində zəif rəqib olmur. Bütün idmançılar ən azı öz ölkəsinin ən yaxşılarıdır. Ona görə də gərgin yarış keçdi. Bu qələbəmizdə bütün komanda üzvlərimizin payı var. Bu fərdi idman növü olsa da, tək nəticə əldə etmək mümkün deyil. Sevinirəm ki, bizə inanan hər kəsin etimadını doğrulda bildik.”
Avropa çempionatının gümüş mükafatçısı Muhəmmədəli Məmmədzadə:
“Mən son yarış günü çıxış elədim. İstəyim o idi ki, medal sayımızı artırım. İndi burada medalla dayandığım üçün sevincliyəm. Hər bir idmançının arzusu Olimpiya Oyunlarından vətənə medal gətirməkdir. Başa düşürəm ki, bunun üçün çox çalışmalıyıq. Amma hər şey özümüzdən asılıdır. İstək və zəhmət varsa mümkünsüz heç nə yoxdur.”
Yığma komandanın baş məşqçisi Maxtı Makkaev:
“İlk olaraq bizə hərtərəfli dəstəyinə görə federasiya prezidenti Kamran Nəbizadəyə və vitse-prezident Firdovsi Umudova təşəkkürümü bildirirəm. Avropa birinciliyinə hazırlıq üçün rəhbərlik tərəfindən komandaya bütün zərurui şərait yaradılmışdı. Təlim-məşq toplanışımız plan üzrə keçirildi. Əlbəttə ki, daha çox çalışmalıyıq. Hər çəki dərəcəsində böyük rəqabət var. Rusiya atletlərinin yarışlara qayıtması bu rəqabət səviyyəsini daha da artırıb. Bu baxımdan komanda hesabında 3-cü yeri tutmağımız uğurlu nəticədir. Bir daha bütün atletlərimizi, məşqçilərimizi və inzibati heyət üzvlərimizi təbrik edirəm”
Xatırladaq ki, Avropa birinciliyində ümumilikdə 7 medal qazanmış atletlərimiz, komanda hesabında 3-cü yeri tutublar.