Aslan Kərimov: “Yalnız “Qarabağ”ı favorit hesab edirəm”
18.06.2025 - 23:20
Aslan Kərimov: “Yalnız “Qarabağ”ı favorit hesab edirəm”

“Qarabağ”a gəlincə, təmsilçilərimiz arasında həm reytinq, həm də təcrübə baxımından mərhələ keçmək şansı ən yüksək olan komandadır. Britaniya təmsilçilərinin duelindən qalib çıxacaq komanda ilə qarşılaşma asan olmayacaq".

Bu sözləri apasport.az saytına açıqlamasında Aslan Kərimov deyib.

Mütəxəssis təmsilçilərimizin avrokuboklardakı rəqiblərini və şanslarını dəyərləndirib: “Sabah” Sloveniyanın “Selye” klubu ilə qarşılaşacaq. Həmçinin “Zirə” komandası da Xorvatiyanın “Hayduk Split” klubu ilə üz-üzə gələcək. Keçmiş Yuqoslaviya ölkələrinin klubları hər zaman güclü olublar. Burada çıxış edən futbolçular isə fərdi ustalıq keyfiyyətləri ilə seçilirlər. Düzdür, bu ölkələrin klublarının əsas strategiyası istedadlı futbolçuları mümkün qədər tez bir zamanda böyük klublara satmaqdır. İstər “Dinamo Zaqreb”, istər “Srvena Zvezda”, istərsə də “Hayduk Split” – bu komandalar uzun illərdir ki, belə bir fəlsəfə ilə fəaliyyət göstərirlər. “Selye” də zaman-zaman istedadlı futbolçulara sahib olub.

Bu klubların uzunmüddətli və dayanıqlı olmamasının əsas səbəbi isə məhz bu strategiyadır – yəni tez-tez oyunçu satıb yerinə gənc və perspektivli futbolçular gətirmələri. Digər tərəfdən, “Sabah”ın rəqibinin baş məşqçisi də təhlükə yarada bilər. Əgər ispaniyalı mütəxəssisdən söhbət gedirsə, bu zaman onun oyun fəlsəfəsində topa nəzarət, fərdi ustalığa əsaslanan oyun və topun uzun müddət saxlanılması əsas yer tutur. Bu da “Sabah” üçün çətinlik yarada bilər.

Daxili çempionatda gördüyümüz kimi, “Sabah”ın əsas üstünlüyü cinah hücumçularıdır. Bəlkə də bu üstünlük sayəsində “Selye”nin qapısına yol tapa bilərlər. Amma müdafiə xəttində də boşluqlar az deyil. Bu isə çempionat ərzində dəfələrlə təkrarlanan səhvlərdən qaynaqlanır. Digər bir problem isə “Sabah”ın hücum xəttində sivri uc oyunçusunun çatışmazlığıdır. Komandada effektli pleymeyker də yoxdur. Ola bilər ki, həmin oyuna qədər bu mövqelərə transferlər edilsin. Ancaq hazırkı heyətə əsaslansaq, bu qarşılaşmanı 50/50 qiymətləndirmək olar. Sloveniya təmsilçisi bir qədər favorit görünə bilər, çünki ötən mövsüm çempion olublar, cari mövsümdə isə ölkə kubokunu qazanıblar. Yəni, sabitlik baxımından üstün tərəf onlardır.

“Qarabağ”a gəlincə, təmsilçilərimiz arasında həm reytinq, həm də təcrübə baxımından mərhələ keçmək şansı ən yüksək olan komandadır. Britaniya təmsilçilərinin duelindən qalib çıxacaq komanda ilə qarşılaşma asan olmayacaq. Buna baxmayaraq, “Qarabağ”ın bu mərhələni adlayacağına inanıram. Komandanın oyun üslubu, topa nəzarəti və oturuşmuş kollektiv ruhu, hətta yeni transferlər olmasa belə, rəqibi üstələməyə imkan verəcək.

“Zirə” də çox güclü bir rəqiblə qarşılaşacaq. “Hayduk Split” barəsində də, “Sabah”ın rəqibi haqqında deyilən fikirlərin eynisini demək mümkündür. Üstəlik, “Hayduk” “Selye” ilə müqayisədə daha köklü və təcrübəli klubdur. Xorvatiya çempionatında “Dinamo Zaqreb”ə məğlub olsalar da, heyət baxımından çox güclüdürlər. Bu səbəbdən həm “Sabah”, həm də “Zirə” üçün qarşıdakı oyunlar olduqca çətin olacaq.

“Araz Naxçıvan” isə Kipr təmsilçisi “Aris”lə qarşılaşacaq.Bu da kifayət qədər ciddi rəqibdir. “Aris” artıq Avrokubok təcrübəsinə malik klubdur. “Araz” üçün əsas çətinlik komandanın beynəlxalq oyun təcrübəsinin və ehtiyat qüvvəsinin az olmasıdır. Bu faktorlar onu deməyə əsas verir ki, üç təmsilçimizin rəqibləri daha çox favorit statusundadır. “Aris”in rəhbərliyi əsasən Rusiyadan gələn iş adamları və idman mütəxəssislərindən ibarətdir. Rusiya klublarında çalışmış şəxslər maliyyə imkanlarını bu Kipr klubuna yönəldiblər və nəticədə Rusiyanın yüksək səviyyəli çempionatında oynamış bir sıra təcrübəli oyunçuları heyətə cəlb ediblər. Bu da “Araz Naxçıvan” üçün əlavə çətinlik yarada bilər. Yekun olaraq, dörd təmsilçimiz arasında yalnız “Qarabağ”ı öz cütlüyündə favorit hesab edirəm”.