FIFA Şurasının Bürosunun qərarına əsasən, 15 yaşadək oğlan futbolçulardan ibarət komandalar arasında ilk dünya çempionatı və 2026-cı il Festivalı Azərbaycanda keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Qərara əsasən, turnir 22-31 oktyabr 2026-cı il tarixlərində təşkil olunacaq. Yarışda ali futbol qurumuna üzv olan milli assosiasiyaların U-15 komandaları iştirak edə biləcəklər.
FIFA bu qərarı qəbul edərkən Azərbaycanın müasir idman infrastrukturu, beynəlxalq standartlara cavab verən idman obyektləri və irimiqyaslı beynəlxalq yarışların təşkilində qazandığı uğurlu təcrübəni nəzərə alıb. Turnirin ölkəmizdə keçirilməsi Azərbaycanın dünya futbolunda artan nüfuzunun və beynəlxalq idman tədbirlərinə ev sahibliyi imkanlarının növbəti təsdiqidir.
Qeyd edək ki, FIFA 2025-ci ilin dekabrında U-15-lər arasında dünya çempionatının təsis olunması barədə qərar qəbul edib.
Xatırladaq ki, FIFA-nın İcraiyyə Komitəsinin 2025-ci il 2 oktyabr tarixində keçirilmiş iclasında 2027-ci ildə təşkil olunacaq U-20-lər arasında dünya çempionatının final mərhələsinə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi açıqlanıb.
- Gimnastlarımız beynəlxalq turnirdə iştirak edəcəklər
- Azərbaycan güləşçisi İslam Oyunlarında qızıl medal qazanıb
- "Fənərbaxça" "Aston Villa"nın müdafiəçisini istəyir
- Avropa Liqası matçında xaos: İsrailli azarkeşlər fələstinli tərəfdarlara hücum ediblər
- Gimnastlarımız beynəlxalq turnirdə iştirak edəcək