Rəşad Sadıqov: “Onu düşünsəm, geri addımlayarıq”
13.04.2025 - 21:23
Rəşad Sadıqov: “Onu düşünsəm, geri addımlayarıq”

Misli Premyer Liqasının XXX turunun "Neftçi" - "Zirə" matçından (2:4) sonra qonaqların baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:

"Bizim üçün olduqca çətin başladı oyun. Rəqib yaratdığı ilk iki epizoddan yararlandı. Bu dəqiqələrdə toparlanıb, oyunu davam etmək çətin idi. Futbolçular özlərində güc tapıb, təslim olmadılar. Sona qədər mübarizə apardılar. 4 qol vurduq, məğlub da ola bilərdik. İkinci hissəyə fəal başladıq. Vacib üç xal qazandıq. Artıq qarşıdakı oyunlara baxmalıyıq. "Sumqayıt"a qarşı vacib oyun bizi gölzəyir".

- "Qarabağ"ın Azərbaycan çapında güclü olduğunu nəzərə alsaq, keçən il də "Zirə" potensial ölkə çempionu, ölkə kubokunun qalibi olmuşdu. İndi də ikinci pillədəsiz. Futbol ictimaiyyəti və mediada müşahidə edilir ki, "Zirə" və Rəşad Sadıqovun işi çox da qabardılmır. Səbəbini nədə görürsüz?
- Məşqçiliyə başladıqdan, ikinci sezondan sonra mediadan və sosial şəbəkədən maksimum uzaqlaşmışam. Mənfi və müsbət fikirləri izləmirəm. Bilmirəm dediyiniz şəkildədir, ya yox. Biz işimizi onun üzərində qurmamışıq ki, kimsə tərifləsin. Tərifə layiq olsaq, tərifləyəcəklər. Ola bilər ki, məndən gözləntilər çoxdur. Bunu anlayışla qarşılayıram. İkinci yerlə 6 xallıq fərq var. Amma qəti düşünmürəm ki, nəsə üstünlüyümüz var, nəyisə həll etmişik. Altı kritik oyunumuz var. Bilmirəm Konfrans Liqasının oyunu nə vaxtdır. Ora vəsiqə qazanmayana qədər ona baxmayacam. İndi məni düşündürən "Sumqayıt"la görüşdür. 

- Rəşad Sadıqovun görmək istədiyi "Zirə" budur?
- Futbolçu olaraq da, heç vaxt özümdən razı olmamışam. Həmişə düşünmüşəm daha yaxşısını edə bilərəm. Bu gün düşünəcəm ki, nəyi düz etməmişik ki, rəqib bu gün fərqləndi, iki qol buraxdıq. Samir Abasovun gəlişindən sonra komanda etibarlı müdafiə olunur. Bu həftə onu düşünəcəm ki, harada düz etmədik, qollar buraxdıq. Yəqin oyunçular 100 faiz oyuna köklənməmişdi ki, iki qol buraxdıq. "Zirə" yaxşıdır, "bu bizə kifayət edir" kimi fikirləri düşünmürəm. Onu düşünsəm, geri addımlayarıq.